Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi (GMİB) tərəfindən həyata keçirilən “Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və peşəkar bacarıqlarını artırmaq məqsədilə 3 ardıcıl karyera inkişaf təlimi keçirilmişdir.
Bakı şəhərində baş tutan birinci təlimdə iştirakçılara CV və motivasiya məktubunun düzgün və peşəkar standartlara uyğun hazırlanması qaydaları nəzəri və praktiki şəkildə izah olunmuşdur.
Növbəti mərhələdə təşkil edilən ikinci təlim müsahibəyə hazırlıq, təqdimat bacarıqları və şəxsi brendin formalaşdırılması mövzularına həsr olunmuş, gənclər işəgötürənlərlə ünsiyyət və özünüifadə üzrə praktiki vərdişlər qazanmışlar. Seriyanın sonuncu – üçüncü təlimində isə maliyyə savadlılığı və büdcə idarəetməsi, eləcə də peşə seçimi və əmək bazarına uyğunlaşma məsələləri ətraflı əhatə edilmişdir.
İnteraktiv metodlarla keçirilən təlimlərdə iştirakçılar praktiki biliklər mənimsəmiş və müsahibə simulyasiyaları vasitəsilə özünəinamlarını artırmışlar.
Təlim proqramının uğurlu yekunu olaraq gənclərin qazandıqları bacarıqları nümayiş etdirmələri və işəgötürənlərlə birbaşa əlaqə qurmaları üçün “İqtisadi Bacarıqlar və Karyera Günü” festivalı təşkil olunmuşdur.







