16/10/2026

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə

İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür.

Artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİMA İmza ilə köçürmə prosesi daha sürətli və rahat həyata keçirilir. Qeyd edək ki, indiyədək bu əməliyyatlar 3D təhlükəsizlik sistemi çərçivəsində göndərilən birdəfəlik təsdiq kodu ilə təsdiqlənirdi.

İnteqrasiyanın əsas məqsədi pul köçürmələri zamanı təsdiqləmə prosesini sadələşdirmək, əlavə addımları aradan qaldırmaq və istifadəçilərin rəqəmsal bankçılıq təcrübəsini daha da yaxşılaşdırmaqdır.

Qeyd edək ki, hazırda yeni imkan yalnız Birbank tətbiqində SİMA İmza ilə qeydiyyatdan keçmiş müştərilər üçün əlçatandır. Digər istifadəçilər pul köçürmələrini əvvəlki qaydada, 3D təhlükəsizlik kodu vasitəsilə təsdiqləyə bilərlər. Növbəti mərhələdə isə digər istifadəçilərə də SİMA İmza ilə köçürmələri təsdiqləmək imkanı təqdim olunacaq.

SİMA İmza haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC tərəfindən yaradılıb. SİMA İmza istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən mobil tətbiq vasitəsilə ödənişsiz şəkildə əldə etmək mümkündür.

Oxşar xəbərlər