15/10/2026

Gənc Mühasiblər İctimai Birliyinin Təşkilatçılığı ilə “İqtisadi Bacarıqlar və Karyera Günü” Festivalı Keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində Gənc Mühasiblər İctimai Birliyi (GMİB) tərəfindən 14 oktyabr 2026-cı il tarixində Bakı şəhərində “İqtisadi Bacarıqlar və Karyera Günü” Festivalı təşkil edilmişdir. Festivalın əsas məqsədi maliyyə və mühasibatlıq sahəsində təhsil alan və fəaliyyət göstərən gənclərin peşəkar inkişafını, əmək bazarına inteqrasiyasını və işəgötürənlərlə əlaqələrinin gücləndirilməsini dəstəkləməkdir.

Festival Gənc Mühasiblər İctimai Birliyinin icraçı direktoru Qərənfil Rəhman Süleymanovanın moderatorluğu ilə açıq elan edilmişdir. Tədbirin rəsmi açılış elanından sonra çıxış üçün söz Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyevaya verilmişdir. Ardınca Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Nicat Əliyev çıxış edərək iştirakçıları salamlamış, maliyyə və mühasibatlıq istiqamətində gənclərin inkişafı üçün nəzərdə tutulan dövlət siyasəti və proqramları haqqında məlumat vermişlər.

Rəsmi hissədən sonra festival panel müzakirələri ilə davam etdirilmişdir. “I Panel Müzakirəsi: Azərbaycanda maliyyə və mühasibatlıq sektorunun inkişafı: mövcud vəziyyət və prioritetlər” adlı ilk paneldə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Sahibkarlıq subyektləri ilə iş və beynəlxalq təcrübələrin öyrənilməsi idarəsinin rəisi Əhməd Əhmədov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baş məsləhətçisi Aydan Muxtarova Hüseynova, Dövlət Məşğulluq Agentliyi Peşə hazırlığının təşkili şöbəsinin müdiri Fərid Həsənov, Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev, Kapital Bankın Kiçik və orta sahibkarlarla iş departamentinin meneceri Vüsal Axundzadə və Maliyyə Elm-Tədris Mərkəzinin direktor müavini Gülşən Orucova spiker qismində çıxış edərək sektorun aktual problemləri və inkişaf istiqamətlərini müzakirə etmişlər.

Çay və qəhvə fasiləsi, eləcə də networking sessiyasından sonra “II Panel Müzakirəsi: Maliyyə və mühasibatlıq üzrə karyera və təhsil imkanları” mövzusunda növbəti müzakirələr baş tutmuşdur. Bu paneldə Qarabağ Universitetinin müəllimi və PMS üzrə DİM eksperti İsa Şəfiyev, Sabah International Hospital-ın Əməliyyatlar üzrə Direktoru Kəmaləddin Quliyev, Destec Group-un İdarə Heyətinin və “Fayda” İş Adamları Platformasının İdarə Heyətinin sədri Sakit Səmədov, Financial Chain Corporation-ın İnsan Resursları şöbəsinin meneceri Aynur Sadiqova və SINAM-ın biznes analitiki Misir Babayev çıxış etmişlər. Panel müzakirələrindən sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalova və Azərbaycan Universitetinin “Maliyyə və mühasibat” kafedrasının müdiri Nəriman Böyükkişiyə də çıxış üçün söz verilmişdir.

Tədbir çərçivəsində gənc mütəxəssislərin bilik və bacarıqlarını sınamaq üçün interaktiv sual-cavab sessiyası təşkil olunmuş, fərqlənən qaliblərə xüsusi hədiyyələr verilmişdir. Eyni zamanda, festival ərazisində şirkət stendləri quraşdırılmış, iştirakçılara karyera imkanları, vakansiyalar və peşəkar inkişaf yolları barədə ətraflı məlumat təqdim olunmuşdur.

Oxşar xəbərlər