15 may – Beynəlxalq Ailə Günü ailə institutunun cəmiyyətdəki roluna diqqət çəkmək, ailə dəyərlərinin qorunmasını və sağlam ailə münasibətlərinin təşviqini ön plana çıxarmaq baxımından əlamətdar gündür.
Ailə insanın ilk sosial mühitidir. Uşağın şəxsiyyət kimi formalaşması, emosional inkişafı, özünəinamı və gələcək münasibətlərinin təməli məhz ailədə qoyulur. Ailədə qarşılıqlı hörmət, etimad, sevgi və sağlam ünsiyyətin mövcudluğu hər bir ailə üzvünün psixoloji rifahına müsbət təsir göstərir.
Müasir dövrdə ailələr müxtəlif sosial, iqtisadi və psixoloji çətinliklərlə qarşılaşırlar. Nəsillərarası fikir ayrılıqları, valideyn-övlad münasibətlərində ünsiyyət problemləri, gündəlik stress və emosional gərginlik ailədaxili münasibətlərə təsir edə bilər. Belə hallarda problemlərin vaxtında müəyyən edilməsi, açıq dialoq və zərurət yarandıqda peşəkar psixoloji dəstəyə müraciət edilməsi vacibdir.
Xüsusilə valideynlərin uşaqları dinləməsi, onların hiss və düşüncələrinə hörmətlə yanaşması, cəza və təzyiq əvəzinə izah və dəstək metodlarından istifadə etməsi sağlam ailə mühitinin formalaşmasına kömək edir.
Hesab edirəm ki, ailənin möhkəmlənməsi yalnız maddi təminatla deyil, həm də emosional təhlükəsizlik, qarşılıqlı anlayış və psixoloji sağlamlıqla bağlıdır. Ailə üzvlərinin bir-birinə göstərdiyi diqqət və dəstək cəmiyyətin ümumi rifahına da töhfə verir.
Peşəkar Psixoloqlar İctimai Birliyi olaraq ailələrin psixoloji maarifləndirilməsini, valideynlik bacarıqlarının inkişafını və sağlam ailə münasibətlərinin təşviqini mühüm istiqamətlərdən hesab edirik.
Bütün ailələrə qarşılıqlı hörmət, sevgi, anlayış və mənəvi birlik arzulayıram.
Səbinə İsmayılova
Peşəkar Psixoloqlar İctimai Birliyinin sədri, psixoloq
Sağlam cəmiyyətin təməli sağlam ailə münasibətlərindən başlayırPeşəkar Psixoloqlar İctimai Birliyinin sədri, psixoloq Səbinə İsmayılovanın Beynəlxalq Ailə Günü ilə bağlı müraciəti

