16/11/2026

Deputat: 8 Noyabr Azərbaycan xalqının birliyinin və iradəsinin təcəssümüdür

Milli Məclisin bugünkü plenar iclasında deputat Şahin İsmayılov 8 Noyabr – Zəfər Günü ilə əlaqədar parlamentin bəyanatının müzakirəsi zamanı çıxışında bildirib ki, Azərbaycanın əldə etdiyi tarixi Qələbənin qorunması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, mümkün təxribatların qarşısının alınması mühüm əhəmiyyət daşıyır.

Hafta.az xəbər verir ki, deputatın sözlərinə görə, 8 Noyabr Azərbaycan tarixinin ən mühüm səhifələrindən biridir. Bu tarix Azərbaycan xalqının birliyini, bütövlüyünü və milli iradəsini nümayiş etdirən tarixi hadisədir. Zəfər yalnız hərbi əməliyyatların nəticəsi deyil, eyni zamanda uzunmüddətli siyasi, diplomatik və strateji fəaliyyətin bəhrəsidir.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycanın əldə etdiyi Qələbənin arxasında ölkənin güclü siyasi iradəsi, hərbi strategiyası və diplomatik səyləri dayanır. Bu tarixi nailiyyət Azərbaycan vətəndaşının özünəinamını artırıb, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə və dünyada yeni Azərbaycan obrazının formalaşmasına töhfə verib.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan vətəndaşı öz dövlətinə, xalqına və Vətəninə bağlılığı ilə seçilir. Vətənpərvərlik və milli birlik Zəfərin əldə olunmasında mühüm rol oynayan amillərdəndir. O, Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq proseslərində iştirakına da toxunaraq bildirib ki, ölkəmizin qazandığı uğurlar uzunmüddətli siyasi və diplomatik fəaliyyətin nəticəsidir. Azərbaycan bundan sonra da müstəqil siyasətini davam etdirməli, əldə etdiyi tarixi nailiyyətləri qorumalı və inkişaf etdirməlidir.

Şahin İsmayılov çıxışının sonunda Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, ölkəmizə və xalqımıza firavanlıq arzulayıb.

Oxşar xəbərlər