Ailədaxili cinayətlərin kökündə nə dayanır? – “Biz susduqca…”backend

Son dövrlər ailə-məişət zəminində baş verən münaqişələrin, cinayətlərin sayı artıb. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip hadisələri nə qədər qəribə səslənsə də artıq adi hal kimi qəbul etməyə başlamışıq. Bəzən heç reaksiya belə göstərmədən sadəcə, səbəb axtarırıq. Ən dəhşətlisi də odur ki, artıq zərif cinsin nümayəndələri də ailədaxili cinayətə əl atır, ailə münaqişəsi zəminində həyat yoldaşlarını müxtəlif vasitələrlə yaralayır, qətlə yetirirlər. Hətta bəzən elə “övladlar” da olur ki, gözünü qırpmadan valideynini öldürür.

Bəs ailə münaqişəsi zəmnində törədilən dəhşətli cinayətlərin sayı niyə artıb? Problemin kökündə duran səbəblər nədir? Bu tip qətllər cəmiyyətə hansı “SOS”u verir?

“Ailədə psixoloji böhranlar fiziki zorakılığa gətirib çıxarır”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, psixoloq Rövşən Nəcəfov mövzunu “İki sahil” üçün belə şərh etdi: “Ailədaxili cinayətlərin baş verməsinə gətirib çıxaran müxtəlif səbəblər ifadə etmək olar. Hər bir ailədə problem fərqli təzahür edir. Cinayət hallarının baş verməsinin əsas səbəblərindən biri ailədə müzakirələrin mübahisələrə çevrilməsindən sonra baş verir. Ailədə münasibətlərdə psixoloji uyğunsuzluğun olması ünsiyyət problemlərinə, valideyn-övlad münasibətlərinə, davranış dəyişikliklərinə, depressiyaya, yuxu pozuntusuna, cinsi problemlərə və alkoqol-maddə istifadəsinə şərait yaradır. Məişət zorakılığı, şiddət, cinayət və digər fiziki-psixoloji zorakılıq davranışları erkən nikaha təhrik edilmiş ailələrdə, qohum evliliyində və məcburi evliliklərdə daha çox müşahidə edilir. Ailədə uzun müddət emosional ifadənin boğulması və fərdin ailəyə asosial yanaşması problemlərin yaranması üçün bəhanələr formalaşdırır. Problemlərin maddiyata bağlılığı yoxdur . Maddiyat heç bir cinayətə haqq qazandırmadığı kimi, səbəb də ola bilməz.”

Ailələrin dağılması müsbət hal deyil, amma cinayətlərin baş verməməsi üçün doğru qərardır

R.Nəcəfov xatırlatdı ki, fiziki və psixoloji zorakılıq halları baş verdiyi zaman aidiyyatı dövlət qurumlarına, fəaliyyət göstərən “qaynar-xətt”lərə müraciət etmək lazımdır: “Cinayət faktoru olan bütün hadisələrə hüquqi qiymət verilməlidir. Ailənin bütün üzvləri bilməlidirlər ki, hansısa psixoloji və fiziki zorakılıq hallarında doğmalıq qanundan üstün ola bilməz. Ailədə cinayətin baş verməməsi üçün hər zaman mübahisəsiz müzakirəyə ehtiyac var. Tərəflər üzləşdiyi problemləri həll edə bilməyəndə psixoloqa müraciət etməlidirlər.

Artıq aqressiya idarə olunmaz hala gəlibsə mütləq qanunla tənzimləməlidirlər. Ailələrin dağılması müsbət ifadə olunacaq hal deyil, amma cinayətlərin baş verməməsi üçün doğru qərardır. Ailədə sağlam münasibətlərin formalaşması üçün ailə institutlarının inkişaf etdirilməsi əsas meyardır. Ailə institutunun ana xətti övlad üçün, yəni gələcək üçün sağlam mühitin formalaşdırmaqdır. Biz övladlarımızı sağlam təfəkkürdə böyütməliyik ki, ilk olaraq özünə, sonra isə yaşadığı cəmiyyətə və dövlətə faydalı insan ola bilsin.”

Şiddətlə böyütdüyümüz uşaqlar gələcəyin potensial cinayətkarlarıdır

Müsahibimizin sözlərinə görə, ailədaxili cinayətlərin baş verməsi uşaqlar üçün travmaların yaranmasına səbəb olur. Şiddət görən şiddət göstərəcək, şiddəti öyrənəcək, şiddəti öyrənən də başqalarına da şiddəti öyrədəcək. Şiddətin normal hal olduğunu düşünəcək. Şiddətlə böyütdüyümüz uşaqlar gələcəyin potensial cinayətkarlarıdır. İstər ailədə, istər başqa mühitdə cinayət törətmiş şəxslər psixoloji olaraq posttravmatik stress pozuntusundan (PTSP) əziyyət çəkirlər. Posttravmatik stress pozuntusu (PTSP) fiziki və mənəvi böhranların göstəricisidir.

Biz susduqca…

Psixoloq vurğuladı ki, çalışmalıyıq ki, fiziki və mənəvi böhranlardan uzaq sağlam mühitin yaranmasına öz töfhəmizi verək: “Ətrafımızda baş verən hadisələrə biganə qalmayaq. Qonşuda şiddətin olduğunu müşahidə ediriksə, buna biganə qalmamalıyıq. Biganə qaldığımız hər şey və hər kəs bizim olmasa da, övladlarımızın qarşısına çıxacaq. Bəzən düşünürük ki, başqasının evində baş vermiş cinayət bizdən uzaqdır. Biz susduqca, cinayətə cəm şəkilçisi əlavə etmiş oluruq. Sağlam təfəkkürün formalaşması üçün ətrafımızı fiziki və psixoloji böhranlardan xilas etməliyik.”

Yaqut Ağaşahqızı,”İki sahil”