Bu çağırış iş adamları üçün böyük bir fürsətdirbackend

Prezident və Birinci xanımın hər dəfə işğaldan azad edilən ərazilərə səfəri cəmiyyətdə Ölkə başçısının rəhbərliyi altında başlayan böyük qayıdış prosesinin sürətlə davam etməsinə və yaxın vaxtlarda arzusunda olan bütün vətəndaşlarımızın bu torpaqlara köçəcəyinə əminlik yaradan böyük bir ictimai hadisəyə çevrilir. Fevralın 13-də baş tutan sonuncu səfər bildiyimiz kimi Ağdamı əhatə etdi. Bu səfər də öz növbəsində xalqımızda iftixar hissi yaradan tarix idi. Ali Baş Komandan ruhlar şəhəri olan Ağdamda bir daha çıxış etdi. Prezidentin çıxışları və çağırışları ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələləri ehtiva edir.

Ağdam səfəri bir neçə açılış və təməlqoyma mərasimləri ilə yadda qaldı. Bunların hər biri Ağdama yeni nəfəsin qayıtmasını təcəssüm edir. Görülən işlərin müxtəlif sahələri əks etməsi xüsusi diqqət cəlb etdi. Burada yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı tarixi torpaqlarımızda bundan sonra işıqlı günlərin yaşanacağı kimi əlamətdar işdir. Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, 209 mənzildən ibarət yeni yaşayış kompleksinin və Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması, Ağdam Cümə məscidində bərpa işlərinin gedişi ilə tanışlıq kimi mərasimlərin hər biri Ağdamda həyatın bərpa olunmasından xəbər verir. Sadalanan işlər müxtəlif istiqamətləri – enerji təchizatı, sənaye, turizm, yaşayış məskəni, sağlamlıq və milli dəyərlərimizi əhatə etməklə böyük qayıdış üçün çoxşaxəli fəaliyyətin icra olunduğuna işarə edir.

Ölkə başçısı iş adamlarına Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymaqla bağlı tövsiyə etdi. Cənab Prezidentin də dediyi kimi, bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Düşünürəm ki, bu çağırış əslində iş adamları üçün böyük bir fürsətdir. Onlar işğaldan azad olunan ərazilərə investisiya yatırmaqla bizneslərini inkişaf etdirməklə yanaşı böyük qayıdış üçün töhfə verə və ümummilli məsələdə birlik nümayiş etdirə bilərlər. Sahibkarlar bu fürsəti düzgün qiymətlədirməklə Müzəffər Ali Baş Komandanın memarı olduğu böyük qayıdışın əsas parçası ola bilərlər.

Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini,

YAP İdarə Heyətinin üzvü

Şahin İsmayılov