Azərbaycan-Litva münasibətləri: yeni hədəflər ŞƏRHbackend

Müstəqil Azərbaycanın dünya dövlətləri, o cümlədən Litva ilə ikitərəfli münasibətləri dinamik inkişaf etməkdədir. Son illərdə dövlətlərarasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurla inkişafı bir daha onu təsdiqləyir ki, hər iki ölkə əlaqələrin inkişafında maraqlıdırlar. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər əlaqələrin yeni müstəviyə yüksəlməsinə səbəb olub, ikitərəfli münasibətlərə əsaslı zəmin yaradıb. Xatırladaq ki, Litva 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Litvaya rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, Azərbaycan və Litva arasında əməkdaşlıq strateji tərəfdaşlıq xarekteri daşıyır. Dövlət başçısının növbəti səfəri çərçivəsində bir çox məsələlər müzakirə olunub. Belə ki, mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”nın imzalanması dövlətlərarası münasibətlərin tənzimlənməsinə öz töhfəsini verəcəkdir.
Dövlət başçıları arasında geniş fikir mübadiləsi aparılıb və bir çox önəmli məsələlər müzakirə olunub. Cənab Prezident mətbuata bəyanatla çıxışında keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə olduğunu, bu il isə özünün Litvada rəsmi səfərdə olduğunu və bu ilin əvvəlində Davosda da görüşdüklərini diqqətə çəkib. “Bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır”, – deyən dövlət başçısı bildirib ki, siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir.
Beynəlxalq aləmdə ölkəmizin qazandığı nüfuz təkcə regionla məhdudlaşmır, onun beynəlxalq miqyasda rolunu artırıb. Azərbaycan müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh, sabitlik və təhlükəsizliyin sərhədlərinin genişləməsinə töhfə verir. Səfər çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinə də diqqət yetirilib. Cənab Prezident sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu vurğulayıb. Bu sülh Qafqaz regionunda uzunmüddətli sülhü bərqərar edəcək. Azərbaycan tərəfi hər zaman olduğu kimi bu gün də bu məsələyə öz növbəsində konstruktiv səylər göstərir. “Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”, – deyə Prezident çıxışında bildirib. Sülh müqaviləsinin imzalanması bölgənin inkişafı üçün əhəmiyyətli addımların atılmasında mühüm rola malikdir. Azərbaycan hər zaman olduğu kimi, sülhpərvər imicini qoruyub saxlayır və beynəlxalq məkanlardan açıq-aydın bəyan edir. Ermənistanının sülh müqaviləsinə münasibəti onun təcavüzkar siyasətini bir daha ortaya qoyur.
Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq çərçivəsində, o cümlədən, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalandığını çıxışında bildirən dövlətimizin başçısı bu memorandumun uğurla icra edildiyini qeyd edib: “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq”.
Məlumdur ki, Azərbaycan enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyinə töhfə verir.
Bildiyimiz kimi, Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Azərbaycanın strateji baxımdan mühüm geosiyasi məkanda – çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi onun beynəlxalq miqyasda rolunu daha da artırıb. “Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür” – deyə Cənab Prezident vurğulayıb.Əminliklə vurğulayaq ki, müzakirə olunan məsələlər Litva və Azərbaycan münasibətlərində yeni imkanların açılmasına öz töhfəsini verəcəkdir.

Əvəz Qocayev,

YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini