Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsindədirbackend

Qədim tarixə malik olan Azərbaycanla Qırğızıstan arasında münasibətlər bu gün daha da inkişaf etməkdədir. Çünki eyni kökə, eyni mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan Azərbaycan və Qırğız xalqları bir-birinə çox sıx tellərlə bağlıdır. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, xalqın təkidi və tələbi ilə ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Cari ili aprel ayının 20-də Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə reallaşan görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuz bir daha isbat olundu.

Prezident İlham Əliyev Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin perspektivlərinə toxunaraq bu səfərin iki ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Sevindirici haldır ki, bu gün dövlət başçımızın dediyi kimi, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Bu isə, dövlət başçılarının uzun illər ərzində uğurlu xarici siyasi kursunun əhəmiyyətli nəticələri hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına səbəb olub.

Səfər zamanı iki ölkə arasında on sənəd imzalanıb. Bu sənədlərin içərisində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun imzaladıqları Strateji Tərəfdaşlıq haqqında Bəyannamə xüsusi qeyd edilməlidir. Çünki bu sənədin imzalanması ilə ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxacaq və iqtisadi sahələrdə münasibətləri inkişaf etdirməyə stimullaşdıracaq. Bu baxımdan Azərbaycan şirkətləri üçün Qırğızıstanın enerji sektoru maraqlı ola bilər. Çünki enerji sektoru hər iki tərəfin maraqları baxımından cəlbedicidir. Qırğızıstan enerji sektorunun inkişafına xüsusi diqqət ayırır, Azərbaycan tərəfi isə bu sahədə müəyyən təcrübəyə malikdir. Bu baxımdan Prezident İlham Əliyev Qırğızıstanın enerji infrastrukturunun yaradılmasında səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac duyulduğunu vurğuladı.

Eyni zamanda, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxarılması iki ölkənin bu günə qədər qurduğu əməkdaşlığın səmərəli və perspektivli olmasından irəli gəlir. Ölkələrimizin beynəlxalq təşkilatlarda ənənəvi olaraq əməkdaşlıq etməsi və bir-birlərini dəstəkləməsi də təqdirəlayiqdir. Belə əməkdaşlıq və qarşılıqlı dəstək BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı platformalarında xüsusilə nəzərə çarpır.

Göründüyü kimi, Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Ölkələrimiz belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər.

Bir sözlə, əminliklə deyə bilərik ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri, səfər çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər, eyni zamanda, birgə bəyanatda səsləndirilən fikirlər hazırkı dövrdə türkdilli dövlətlərin birliyinin göstəricisidir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bundan sonra da Azərbaycan- Qırğızıstan ölkələri arasında əməkdaşlığın səmərəliliyini artıran amillər daha da diqqətə alınacaq, iki xalq arasında dostluq və əməkdaşlıq bağları daha da möhkəmləndiriləcəkdir.

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədri