İnsanlara nur və işıq bəxş edən peşəkar oftalmoloq Zərifə Əliyevabackend

Zərifə xanım öz yurduna, xalqına sadiq, xeyirxah, humanist, insanlara sevinc və nur bəxş edən, sabitqədəm, hər işini Xeyirə bağlayan, zəngin mənəviyyata, gözəllik duyğusuna malik olan gözəl insan, peşəkar həkim, görkəmli alim kimi yaddaşımıza həkk olub. Zərifə xanım qayğıkeş ana olduğu kimi, xalqımızın böyük oğlu Heydər Əliyevin “ləyaqətli ömür-gün yoldaşı, sədaqətli dostu, sevimli qadını və əqidə yoldaşı” idi. Bu nüfuzlu şəxsiyyət öz qeyri-adiliyi ilə xalqın yüksək rəğbətini qazansa da həmişə özünü sadə və təvazökar aparardı, özünün insansevərliyi ilə hər kəsə sevinc bəxş edərdi.

Həkimin vəzifəsi yer üzündə sülh və həyat, insanların xoşbəxtliyi və rifahı üçün çalışmaqdır. Zərifə xanım deyirdi: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Zərifə xanım xəstələrinə oluqca həssaslıqla yanaşardı, onların xahişlərini və şikayətlərini axıra qədər səbrlə dinləyərdi. O həmişə deyərdi ki: “Gərək həmişə özünü xəstənin yerinə qoyasan, gərək xəstə həmişə həkimin yanından xoş duyğularla getsin”. Zərifə xanım xəstələrinə xeyirxah, qayğıkeş münasibət göstərərək onların gözlərinə nur, işıq bəxş edirdi. O bu həyatda nə edərdisə, böyük sevgiylə edərdi. Həmkarlarının hər hansı problemlərini həll edərək onlara kömək etməyə  çalışırdı, xüsusilə də kiçik tibb heyətinə – tibb bacılarına, dayələrə, sanitarlara qayğı bəsləyirdi.

Peşəkar erudisiyaya malik olan Zərifə xanım klinik müayinənin yeni metodlarına yiyələnməyə səy göstərərdi, hətta Məişət Kondisionerləri zavodunda görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyasının yaradılması ideyası da ona məxsus idi. Sözügedən laboratoriyada aparılmış hərtərəfli və kompleks elmi tədqiqatların nəticələri bu gün də oftalmoloji klinikalarda geniş tədbiq edilir. Zərifə Əliyeva Kimya sənaye müəssisələrində göz zədələnmələrinin öyrənilməsi və prafilaktikasına aid bir sıra elmi əsərlərinə görə Azərbaycanda Tibb Elmləri Akademiyasının yüksək mükafatına – akademik M.İ.Averbax adına mükafata layiq görülən və Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olan ilk qadın oftalmoloq və dərin elmi təfəkkürə malik fizioloq alim  kimi Azərbaycan elmini ləyaqətlə təmsil edirdi. Oftalmoloqların V Qurultayında Oftalmoloq Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü seçilmişdi. Zərifə xanım hərtərəfli biliyə malik xeyirxah, peşəkar oftalmoloq, yüksək təşkilatçılıq qabiliyyəti olan böyük ictimai xadim idi.

 

 Nuriyeva İradə Tofiq qızı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,

“Humanitar fənlər” kafedrasının professoru,

siyasi elmlər doktoru