Azərbaycanın Milli Qəhrəmanı infarkt keçiribbackend

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib.

Modern.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər.

“Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib”, – ailə üzvləri Milli Qəhrəman haqqında danışarkən deyiblər.

Qeyd edilib ki, hazırda onun vəziyyəti stabildir və xəstəxanada müalicə alır.

“İlk gün isə vəziyyəti kritik ağır idi. Allaha şükür ki, həyatdadır və ümid edirik ki, o, yaxın günlərdə tamamilə sağalıb öz evinə dönəcək”.

Qeyd edək ki, Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biridir.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından 16 nəfəri sağdır.

Əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub.

Kiçik yaşlarından Bakıya köçüb, uşaqlıq illəri Bakının Bülbülə qəsəbəsində keçib, burada böyüyüb. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyaya – Udmurt vilayətinə göndərilib.

Gənc yaşlarında Rusiya və Azərbaycanda əvvəlcə energetika, sonra ticarət sahələrində işləyib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.

1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib.

Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə o, Milli Qəhrəman adına layiq görülüb.

O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.