Bayden Konqresdən daxili işlərin İsrail və Ukrayna ilə müqayisədə yarısı qədər olmasını istəyəcəkbackend

ABŞ prezidenti Co Bayden 2024-cü maliyyə ilində ölkənin daxili problemlərini həll etmək üçün ABŞ qanunvericilərindən 50 milyard dollar istəməyi planlaşdırır. Bu məbləğ dövlət başçısının ötən həftə İsrail və Ukraynaya yardım üçün tələb etdiyi 100 milyard dollardan çox azdır. Bu barədə məlumatı öz mənbələrinə istinadən The Washington Post (WP) yayıb.

Nəşrin yazdığına görə, bu proqramın prioritet daxili təşəbbüsləri arasında uşaq baxımı müəssisələrinin maliyyələşdirilməsinin artırılması, ABŞ vətəndaşlarının yüksəksürətli internetə çıxışının təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və meşə yanğınları ilə mübarizə proqramları var. Lakin bu sahələrin hər biri üçün tələb olunan dəqiq məbləğlər hələ məlum deyil, çünki layihə hələ inkişaf mərhələsindədir və sorğunun əhatə dairəsi dəyişə bilər.

Nəşr qeyd edir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar çox güman ki, bu təklifi təsdiqləməyəcək. Onlar Baydendən ölkənin daxili problemlərini həll etmək üçün əhəmiyyətli vəsait ayırmağı, eyni zamanda büdcə xərclərini, o cümlədən digər ölkələrə yardımı azaltmağı tələb edirlər.

Mənbə: The Washington Post (WP)