Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda ölənlərin sayı artıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Təəssüflə bildiririk ki, bu gün saat 14 radələrində yaralılardan bir nəfər – Adil Aydın oğlu Rüstəmov (1996) göstərilən tibbi yardımlara baxmayaraq, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir”, – deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, ölənlərlə yanaşı, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.