Böyük qürur hissi ilə qeyd edirik ki, müstəqilliyimiz 1918-ci ildə olduğu kimi qısa olmadıbackend

Azərbaycan xalqı 1918-ci il mayın 28-də özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Azərbaycanın müstəqilliyi Ulu Öndərin dediyi kimi əbədi və dönməzdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağı bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanır. Prezident İlham Əliyevin liderliyi və qətiyyəti ilə 30 il işğal altında olan torpaqlar azad edildi. İndi Ermənistanı məğlub edərək, azad etdiyimiz torpaqlarımızda abadlıq və quruculuq işləri böyük uğurla davam edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı durmadan inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur.
Böyük qürur hissi ilə qeyd edirik ki, müstəqilliyimiz 1918-ci ildə olduğu kimi qısa olmadı. Söz yox ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. Ancaq Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə ikinci dəfə qayıdışı və onun müdrikliyi, xalqa, millətə, Vətənə olan sonsuz məhəbbəti sayəsində müstəqilliyimiz möhkəmləndi və əbədiyyətə çevrildi. Hazırda Azərbaycan müstəqil dövlət kimi dünya birliyində söz sahibinə çevrilib. Bu da müstəqilliyimizin xalqımıza bəxş etdiyi əvəzolunmaz nemətdir. Möhtərəm cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.