Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidirbackend

Hər bir xalqın formalaşması üçün zəruri şərtlər dil birliyi, ərazi bütövlüyü, mədəniyyət vahidliyi, məhəlli iqtisadi əlaqələr ümumiliyidir. Bu şərtlərin təşəkkül tapması üçün uzun tarixi bir dövr tələb edilir. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri ərazi birliyidir. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin  rəhbərliyi altında xalqımızın dəstəyi ilə qəhrəman ordumuz 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində ərazi bütövlüyümüzü bərpa etdi.

Digər əsas amillərdən biri isə dil sayılır. Ana dili xalqın, millətin kimliyini, tarixi keçmişini və mədəniyyətini, dünyagörüşünü özündə daşıyan, əsrlər boyu nəsildən nəslə ötürən əvəzsiz milli sərvətdir. Hələ Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə 1918-ci il iyunun 27-də Azərbaycan dili dövlət dili elan edilmişdi.

1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublikada antiazərbaycan siyasəti yeridilirməyə başlandı: milli adət-ənənələri yasaq etmək, İslam dininə, İslam mədəniyyətinə qadağa qoymaq, məscidləri dağıtmaq, rus dilini dövlət dili səviyyəsinə çatdırmaq, milli kadr qıtlığı bəhanəsilə qeyri millətlərin nümayəndələrini Azərbaycana gətirmək, “beynəlmiləl” şəhər elan edilən Bakıda əhalinin milli tərkibini köklü surətdə dəyişdirmək, rəhbərlikdə olan milli kadrlar arasında süni olaraq qarşıdurma yaratmaq, Azərbaycanın milli sərvətlərini hərraca qoymaq, onun əzəli torpaqlarını zaman-zaman qonşulara bəxşiş etmək.

Azərbaycan MİK və Azərbaycan SSR XKS 1928-ci il iyulun 21-də “Azərbaycanda yeni türk əlifbasının icbari və qəti olaraq tətbiq olunması” haqqında Qərar qəbul etdi. Bu qərar Azərbaycan MİK-in IV sessiyasında 1929-cu il oktyabrın 11-də təsdiq edildi. 1929-cu il yanvarın 1-dən latın qrafikalı, 1940-cı ilin yanvarın 1-dən isə kirill qrafikalı əlifbaya keçildi (Azərbaycan SSR Ali Sovetində 1939-cu ilin iyulunda qəbul edilən qanun əsasında). 1947-1951-ci illərdə ÜİK(b)P MK dilçilik, fəlsəfə, fiziologiya, biologiya, siyasi iqtisad və bir sıra başqa elmləri “hakim ideologiya”ya tabe etmək siyasətini həyata keçirdi ki, bu da elmin inkişafına mənfi təsir göstərdi. Azərbaycan xalqının tarixinin saxtalaşdırılması, xalqın soykökünün öyrənilməsində məqsədyönlü dolaşıqlığa yol verilməsi, Rusiyanın Şimali Azərbaycanı istilası, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin və digər tarixi proseslərin ciddi şəkildə təhrif edilməsi ən yüksək mərhələyə çatmışdır. 1954-cü il fevralın 14-16-da Azərbaycan Kommunist Partiyasının XX Qurultayında Azərbaycan KP MK-nın Birinci katibi seçilmiş akademik İmam Mustafayev Azərbaycan dilinin rəsmi dövlət dili statusu elan edilməsi və kargüzarlıq işlərinin ana dilində aparılması istiqamətində tədbirlər gördü və 1956-cı ildə Konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması haqqında yeni maddə əlavə olundu, lakin bu qərar uğurlu nəticələnmədi. Reallaşdırmağa çalışdığı bu tədbirlərə görə 1959-cu ilin iyulunda Sov. İKP MK İmam Mustafayevi millətçilik ittihamı ilə vəzifəsindən azad etdi.

1969-cu il iyulun 14-də Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-1982-ci illərdə Ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində bir sıra tədbirlər gördü: milli mənəvi dəyərlərin öyrənilməsi və təbliği, tarixi araşdırmalar, bir çox elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatrının 100 illiyinin qeyd olunması, Nizami irsinin yenidən tətqiqi haqqında 1977-ci il Qərarının qəbulu, respublikanın milli kadr potensialının gücləndirilməsi, minlərlə azərbaycanlı gəncin SSRİ-nin müxtəlif təhsil və elm müəssisələrinə göndərilməsi və s. Heydər Əliyevin ən ali xidmətlərindən biri 1978-ci il aprelin 21-də Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsinin əks olunması idi. Postsovet dönəmində belə bir addım atmaq böyük cəsarət və iradə tələb edirdi.

Ümummilli Liderin dediyi kimi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

1991-ci ildə Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərqərar olması, iqtisadi-siyasi sabitliyin və beynəlxalq münasibətlərin genişlənməsi, hökumətin xalqın mənafeyi naminə həyata keçirdiyi bir sıra tədbirlər azərbaycançılıq məfkurəsinin, dilimizin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. İdeoloji fəaliyyətin əsas istiqamətlərindən biri xalqımızın özünəməxsus milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsi, gənc nəslin vətənpərvərlik, xalqına, dilinə, dininə, zəngin mədəni irsinə humanizm və müstəqillik uğrunda tarixi mübarizə yolu üçün milli qürur ruhunda tərbiyə edilməsi olmuşdur. 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz əksini tapmışdır. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində dilimizin inkişafına xüsusi diqqət yetirilib, bu istiqamətdə müxtəlif fərman və sərəncamlar qəbul edilib. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan ümummilli Lider deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.

Ümummili Lider 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında” Fərman verdi. Dövlət başçısı yanında “Dövlət Dil Komissiyası” yaradıldı. 2002-ci il sentyabr ayının 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. 1991-ci ilin dekabrın 24-də latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında Qanun qəbul edildi. 18 iyun 2001-ci il tarixli Fərmanla Azərbaycanda 2001-ci il avqustun 1-dən latın əlifbasına keçid, o cümlədən mətbuatın, təhsilin, rəsmi yazışmaların və çıxışların ana dilində aparılmasını təmin etmək üçün tədbirlər həyata keçirildi. Ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzaladı. Bu Fərmanla avqustun 1-i respublikada Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Respublika Prezidenti İlham Əliyev dövlətimizin həyata keçirdiyi dil siyasətini uğurla davam etdirərək verdiyi 12 yanvar 2004-cü il tarixli 56 nömrəli sərəncamı ilə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 12 yanvar 2004-cü il 55 saylı “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2013-cü il 9 aprel tarixli 2837 nömrəli  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 1 mart 2019-cu il 1001 saylı “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, 17 iyul 2018-ci il 346 nömrəli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamlar, 01 noyabr 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman və bir sıra tədbirlər bir daha sübut edir ki, Müstəqil Azərbaycan Respublikası yüksək yazı mədəniyyətinə, zəngin söz ehtiyatına malik ana dilimizə daim diqqət və qayğı ilə yanaşır.

 Nuriyeva İradə Tofiq qızı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,

“Humanitar fənlər” kafedrasının professoru,

siyasi elmlər doktoru