Prezident İlham Əliyev: “Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb”
Artıq Azərbaycan qlobal movzularda problemlərin müzakirə oldunduğu məkana çevrilib. Bunu mütəmadi olaraq ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən bir daha görmək olur. Bakı mayın 1-də daha bir beynəlxalq tədbirə -“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forumda müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib. Burada 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağı iştirakı çox önəmlidir. Bu forum dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət edir. Forumun açılış mərasimində Prezident İlham Əliyev dərin məzmunlu çıxış edib. Dövlətimizin başçısı forumun çox mühüm və nüfuzlu beynəlxalq platforma olduğunu vurğulayaraq “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqu təşviq etdiyini bildirib: “Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları – ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır”. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. Üç gün davam edən Forum çərçivəsində 4 plenar sessiyası və 12 panel müzakirə keçirilib. Müzakirə olunan mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edib. Forum çərçivəsində gündəlikdə duran məsələlər əksər beynəlxalq təşkilatlar tərəfindən yaxından dəstəklənir.
Onu da bildirək ki, bu forumun təşəbbüsü 2008-ci ildə Prezident İlham Əilyev tərəfindən irəli sürülmüşdür. “Bakı prosesi” olaraq artıq o vaxtdan davam edir. Baxmayaraq ki, COVID-lə əlaqədar Forumun təşkilində müəyyən fasilələrin yaranmışdır. Artıq onun fəaliyyətinin tam şəkildə bərpa olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi davamlı şəkildə bu forum Bakıda keçiriləcək: “Çox şadam ki, Forum yenidən canlanır. Bildiyiniz kimi, bir neçə il ərzində fasiləmiz oldu. Bu, COVID-lə və post-COVID vəziyyətlə bağlı oldu. İndi isə əminəm ki, bizim ənənəvi cədvəlimiz tamamilə bərpa olunub”. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti burada müzakirə olunan mövzulardan da görünür. Bu tədbir xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhfə verir.
Artıq bu foruma çox böyük beynəlxalq maraq var. Qonaqların çıxışında və irəli sürülən təkliflərdə Azərbaycanın bir sıra qlobal məsələlərdə aparıcı rol oynamasının qeyd edilməsi çox önəmlidir. Həmçinin dövlətimizin başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Qoşulmama Hərəkatının fəaliyyəti, neokolonializm və digər mövzular barədə fikirləri müasir şəraitdə böyük aktuallıq kəsb edir: “Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Azərbaycanın torpaqları 30 il ərzində işğal altında olub. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq”. Forumun iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, xüsusən Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Prezident İlham Əliyev tədbirin açılışındakı nitqində dünyaya çox vacib mesajlar verib. Bunu forumun iştirakçılarının da əksəriyyəti çıxış və açıqlamalarında xüsusi qeyd ediblər.
Azərbaycan müxtəlif dinlər arasında daim bir harmoniya mərkəzi olub. Cənab Prezidentin dediyi kimi, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub: “Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub”. Tədbir dünya səviyyəsində dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından da önəm daşıyır. Aidiyyəti beynəlxalq qurumlar bu baxımdan da ölkəmizdəki tərəf müqabilləri ilə yaxından əməkdaşlıq edirlər. Bu forum mədəniyyətlərarası əməkdaşlığın genişlənməsini daha da sürətləndirəcək. Forumun nəticəsindən də aydın olur ki, bir sıra ölkələr bu istiqamətdə də Azərbaycanla birlikdə müxtəlif layihələrin reallaşdırılması üçün yaxından tərəfdaşlıq edəcəklər.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent