Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə dair memorandumu ratifikasiya edən qanunu imzalayıb. Bununla da Belarus tərəfindən bu sənədin ratifikasiyası proseduru başa çatır, RİA Novosti yazır.
Ölkənin milli hüquqi internet portalında dərc olunan qanunda deyilir: “Belarus Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlət statusunun alınması ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Yeni Dehlidə imzalanmış memorandum ratifikasiya edilsin. 4 iyul 2023-cü il.”
Qanun həmçinin Belarus Nazirlər Şurasına ölkənin bu memorandumda iştirakını rəsmiləşdirmək üçün bütün lazımi tədbirləri görməyi tapşırır.
Mənbə: RİA Novosti

