Qürur günü-Anım günüdürbackend

İran və Çar Rusiya arasında bağlanan Türkmançay müqaviləsindən sonra ermənilər Qərbi Azərbaycan və Qarabağ ərazisinə köçürüldü. Onlar gələndən qısa bir müddət sonra erməni seperatizminə rəvac verildi və artıq iki əsrə yaxın bir zaman kəsiyində Azərbaycan terrora məruz qaldı. Ermənilər əvvəlcə yerli toponimləri dəyişməyə başladı. Tədricən münbit torpaqlar ələ keçirildi və bizim millətin qonaqpərvərliyindən yararlanaraq özlərini ev sahibi kimi aparmağa başladılar. Çar Rusiyasının siyasi maraqlarına uyğun olaraq, yerli əhalinin sıxışdırılması və onların tədricən öz yurd-yuvalarından didərgin salınması həyata keçirildi. Ötən əsrin əvvəllərində (1905-1907, 1918-1920-ci illər) erməni daşnakları öz himayədarlarının çətiri altında əzəli Azərbaycan torpaqları olan   İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qaldı, yaşadıqları yerlərdən qovuldu və yüzlərlə yaşayış məntəqələri yerlə yeksan edildi.

Ermənilərin bu siyasəti SSRİ vaxtında da davam etdirildi. Belə ki,  1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. Sonuncu dəfə 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovuldu və Ermənistan monoetnik dövlətə çevrildi. M.Qorbaçovun ətrafında olan seperatçı ermənilərin yardımı ilə 1988-ci ildə Qarabağ hadisələri gündəmə gəldi. Xəstə təxəyyüllü erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin və şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Ermənilərin tarixən həyata keçrdikləri soyqırım siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev siyasi-hüquqi qiymət verdi və 31 mart1998-ci ildə imzaladığı Fərman ilə həmin günü Azərbaycanlıların Soyqırımı Günü elan etdi. Ötən əsrin səksəninci illərin sonunda başlayan seperatizm nəticəsində Azərbaycanın 20% ərazisi işğal olundu. İşğal zamanı əksər yaşayış məntəqələri dağıdıdı və dinc əhali amansızcasına qətlə yetirildi. Xocalı, Qaradağlı, Başlıbel, Ağdaban və Baqanis-Ayrımda törədilmiş soyqırım və vəhşiliklər erməni faşizminin əsl simasını göstərdi.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım baş verdi və bu zaman 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür və onlardan 150-sinin taleyi bu günə qədər də naməlum qalmışdır.

Otuz ilə yaxın bir zaman ərzində beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və aparılan danışıqlar nəticəsiz qaldı. Çünki beynəlxalaq qurumlar həm işğalçıya, həm də işğala məruz qalana eyni standartla yanaşdı. Daha mötəbər bir beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. Nəticədə BMT Təhlükəsizlik Şurasının işğal olumnmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı və icra olunmadı.

Həmin zaman kəsiyində Ermənistan işğalçı siyasətində əl çəkmədi və daima Azərbaycan dövlətini və xalqını aşağılamağa cəhd etdi. Lakin 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Ermənistanın sonuncu təxribatə Azərbaycan dövlətinin səbr kasasını daşdırdı və ötön ilin sentyabr ayının 27-də Ali Baş Komandan İlham Əliyev torpaqların işğaldan azad edilməsi üçün silahlı qüvvələrə əmr verdi.

44 gün ərzində Azərbaycan Silahlı qüvvələri Zəfər qazandı və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Işğaldan azad olunmuş torpaqlarda erməni vandallarının 30 il ərzində törətdikləri vəhşiliklərin miqyası çox böyükdür. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Eyni zamnda, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır və ermənilər tərəfindən mənimsənilmişdir.

Məlumdur ki, Azərbaycan ordusunun formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Həmin siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya standartları səviyyəsində bir ordu yaratdı. 17 il ərzində azərbaycan ordusu Cənubi qafqazın ən güclü və qüdrətli ordusuna çevrildi. Məhz həmin ordu Ermənistanın işğalçılıq siyasətinə son qoydu.

Bu qələbənin qazanlmasında Azərbaycan ordusunun tətbiq etdiyi yeni taktika xüsusi əhəmiyyətə malikdir. Belə ki, artıq bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Bunu öz çıxışında Ali Baş Komandan qeyd etmişdir: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”.

Müharibənin gedişində Ermənistan tərəfi hərbi cinayətlər törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuş və 100-ə yaxın mülki şəxs həlak olmuşdur. 400-dən çox mülki şəxs yaralanmış və 5 mindən çox ev dağıdılmışdır. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin mihalanmış ərazilərin xəritələrinin təqdim olunmaması da müharibə cinayətidir.

Müharibə nəticəsində şəhid olmuşların ailələri, qazi və müharibə iştirakçılar dövlətin xüsusi qayğısı altındadır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında olan şəhidlərin banklar qarşısında kredit öhdəlikləri silinmişdir. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunmuşdur. Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim olunmuşdur.

Eyni zamanda,  indiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda və Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilmişdir. Şəhid ailələrinə, qzilərə və müharibə iştirakşılarına kömək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna 62 milyon manatdan çox vəsait toplanmışdır. Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 27 sentyabr , Vətən müharibəsinin başladığı gün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbacan xalqı Prezidentinin dəstəkçisidir. Bütün xalq “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Müharibənin gedişi və ondan sonrakı zaman ərzində Prezident İlham Əliyev hərbi sahədə diplomatik və informasiya savaşı cəbhəsində misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.

Müharibədə qazanılan Zəfər ölkədə milli həmrəyliyin əsasını qoydu. Belə ki, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri həmin həmrəyliyin bariz nümunəsidir.

Hələ də Ermənistanda bəzi qüvvələr revanş haqqında sayaqlamaları gündəmə gətirirlər. Lakin bir şeyi unudurlar ki, “dəmir yumruq” hər zaman yerindədir və istənilən vaxt onların başına endirilməyə hazırdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında yumruğunu düyünləyərək bildirmişdir: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır”.

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri,  fəal gənc Tamerlan Əkbərov