Ruslan Vəliyev: Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməlidirbackend

Bu gün müasir dünyamızın COVID-19 pandemiyası ilə mübarizə apardığı çətin sınaq dövrüdür. Bu çətin dövrdə ölkəmiz koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacaran ölkələr içərisindədir. Bu Azərbaycan gəncləri olaraq bizi qürurlandırır. Əlbəttə bütün bunlar dövlətimizin başçısının qətiyyətli mövqeyi və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycanın virusla mübarizədə istifadə etdiyi model dünyanın inkişaf etmiş ölkələrində də istifadə olundu.

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və xüsusi karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət edilməməsi, əhalinin virusla mübarizəyə məsuliyyətsiz yanaşaraq özünü təhlükəyə atması son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələnmişdir. Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Düşünürəm ki, həftə sonları tam qapanma şəraitində olması və karantin rejimin sərtləşdirilməsi vətəndaşların sağlamlığının qorunmasına müsbət təsir göstərəcəkdir. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
Mən Azərbaycan gənci olaraq hesab edirəm ki, ölkə başçımız cənab İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.

Ruslan Vəliyev,
Odlar Yurdu GİB-nin baş katibi, Tibb Məktəbi layihəsinin rəhbəri

İctimai.az