“Sosial şəbəkələrdə “BakuBus” MMC-yə məxsus avtobusu idarə edən sürücünün xidmət zamanı günəbaxan tumu çırtlaması və mobil telefonunda videoya baxmasını əks etdirən video görüntülər yayılıb. Məsələ tərəfimizdən dərhal araşdırılıb, sürücünün “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli marşrut xəttinin sürücüsü Ceyhun Camalov olduğu müəyyənləşdirilib”.
İctimai.az xəbər verir ki, bu barədə Bakubus MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, qeyd olunan hal “BakuBus”ın xidmət qaydalarının kobud pozuntusu halı kimi qiymətləndirilib və onun əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunması barədə qərar qəbul edilib:
“Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına sizi əmin etmək istərdik. Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən “BakuBus”ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik”.