Hər bir xalqın malik olduğu toponimik sistem həmin etnosun tarixini, sosial, etnomədəni və dil xüsusiyyətlərini özündə əks etdirir. Yer adları icmaların ömür boyu sahib olduqları maddi və mənəvi sərvətlər arasında mədəni dəyərlərin bütün xüsusiyyətlərini özündə cəmləşdirən ən vacib dəyərlərdən biridir. Buna görə də bəzi tədqiqatçılar yer adları üçün “torpaq dili” ifadəsini istifadə etmişlər.
Xalqın keçmişinin bir növ irsi olan coğrafi adlar bənzərsiz tarixi və mədəni dəlillər kimi, eyni zamanda dövlətin milli prioritetini və suverenliyini təsdiqləyən bir vasitə olaraq çıxış edir. Əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağ ərazisindəki toponimlərin, coğrafi adların yaranma mənbələri, eləcə də həmin coğrafi terminlərin məzmunu və mənası müxtəlifdir. Azərbaycan dilində adqoymada konkret elementlərin təsiri ilə yanaşı, həmin coğrafi ərazidə yaşayan xalqın həyatı boyunca fərqli sivilizasiyaların və mədəni dəyərlərin təsiri ilə baş verən dəyişikliklərin də payı olduğu bir həqiqətdir. Bu həqiqəti əsas tutaraq qeyd edə bilərik ki, Qarabağdakı toponimlərin türkmənşəli olması təsadüfi deyildir. Qarabağ хanlığının ХVIII əsrin əvvəllərinə aid еtnik tərkibini əks еtdirən 1727-ci ildə tərtib еdilmiş «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri» adlı tariхi qaynaq da bunu sübut edir. Çünki əsərdə yer alan bir çox qədim türk tayfalarının adı bu gün də həmin toponimlərdə yaşayır.
Qarabağın qədim insan məskənlərindən, zəngin təbii sərvətlərə və faydalı qazıntılara malik ərazilərindən biri Kəlbəcər rayonudur. Kəlbəcər rayonu Azərbaycan Respublikasının qərb hissəsində Tərtər çayının yuxarı axarında Murovdağ silsiləsi ilə Mıxtökən silsiləsi arasında yerləşir. Rayonun böyük hissəsini dağlıq ərazi təşkil edir. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə Kəlbəcər toponimi, eləcə də Kəlbəcər rayonundakı oykonimlər, oronimlər daxil olduqları inzibati ərazi vahidlərinin adı ilə birlikdə verilir, həmin coğrafi adların etimologiyası göstərilir. Lüğətdə Kəlbəcər toponiminin mənşəyi ilə bağlı bir neçə fikir mövcuddur. Bunlardan ən geniş yayılanı oykonimin qədim türk dilində “çay üstündə qala” mənasını ifadə etməsidir. Kəlbəcər toponiminin ilkin variantının “Kevliçer” olduğu, qədim türkcə kevli “çayın üstü”, çer isə “qala” mənasında işlənildiyi qeyd edilir. Bəzi tədqiqatçılar isə bu toponimin kevli “çayın ağzı”, car “əks tərəf, dərə” sözlərinin birləşməsindən əmələ gələrək “çay ağzının əks tərəfi” mənasını ifadə etdiyini göstərirlər.
Kəlbəcər rayonu toponimləri türkün qədim tarixinin izlərini özündə yaşadır. Dağlıq ərazidə yerləşən bu regionun yer adlarının yaranmasında və formalaşmasında ərazinin landşaft xüsusiyyətləri, şəxs adları, qəbilə, tayfa, nəsil adları, rəng anlayışı bildirən adlar, fitonimlər, zoonimlər və bir çox digər amillər mühüm rol oynayır. Güneypəyə, İstisu, Turşsu, Vəngli, Qurbağalı çay, Qarasu, Ayçınqıllı, Kaha, Gəlinqayası, Dəmirçilər, Qızılqaya, Ağduzdağ, Tərtərçay, Söyüdlüçay və digər coğrafi adlar Kəlbəcərin qədim tarixini əks etdirir. Kəlbəcər rayonunun toponimik sisteminin böyük əksəriyyətini türkmənşəli toponimlər təşkil edir.
Toponimlər ən vacib mədəniyyət abidələrindən biridir. Onlar keçmişlə gələcək arasında təməl körpü sayılır. Bu mənada Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan Qarabağ müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, fikrimizcə, mühüm məqamlardan biridir. Şəhidlərin adları doğulduqları, yaşadıqları və ya həlak olduqları ərazilər üzrə əbədiləşdirilə bilər. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən 25 noyabrda erməni işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində şəhid adlarının əbədiləşdirilməsi üçün Şəhidlər muzeyinin təşkili, şəhid adlarının müvafiq küçələrə, meydanlara, idarələrə, məktəblərə verilməsi, eyni zamanda onların şərəfli adlarının digər müxtəlif coğrafi obyekt və məkanların adlarını daşıması və şəhidlərin xatirəsinə abidə-komplekslərin ucaldılması prosesinin həyata keçiriləcəyinə, bununla, şəhid adlarının həm də Azərbaycan toponimlərində əbədi yaşayacağına inanırıq.
Gülnarə ƏLİYEVA-KOŞKUN
Bakı Slavyan Universitetinin dosenti

