“Ulu Öndər Heydər Əliyevə olan inam bugünkü Azərbaycanın var olmasına səbəb olan ideologiyadır”backend

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov “Ulu Öndər Heydər Əliyevə olan inam bugünkü Azərbaycanın var olmasına səbəb olan ideologiyadır” sərlövhəli məqalə qələmə alıb.

İctimai.az “Qafqazinfo”ya istinadən həmin məqaləni təqdim edir:

“3 oktyabr müasir Azərbaycan tarixinin qızıl səhifələrindəndir. Məhz bu gün Ulu Öndər Heydər Əliyev ilk dəfə müstəqil Azərbaycanın prezidenti seçilib. Həmin gün xalq sözün əsl mənasında ölkəmizin gələcəyinə səs verdi.

Bu tarixi hadisənin nəticəsində zəfər çalmış, qalib xalq olaraq tarixə yazılmışıq. Azərbaycanın gələcəyinə səs verən Azərbaycan xalqı bugünkü Azərbaycan üçün düzgün seçim etdi. Bu, Azərbaycan xalqının vaxtında verdiyi doğru qərarı idi. İnsanlar onun  gücünə və vətən sevgisinə arxalandı.

Çünki onlar Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illərdə xalqımız üçün gördüyü misilsiz işləri, 1990-cı ildə 20 Yanvar faciəsindən dərhal sonra xalqımızın yanında olmasını bəyan etməsi və onun xalqımızın əmin-amanlığına yönəlmiş digər işlərini unutmamışdı.

Ulu Öndər Heydər Əliyevə olan inam bugünkü Azərbaycanın var olmasına səbəb olan ideologiyadır. Müdrik xalqımızın seçimi Azərbaycanımızın parlaq gələcəyi üçün yeni bir səhifə açdı. Bu səhifə “Ulu Öndər və onun layiqli davamçısının xalq üçün misilsiz xidməti” adlanır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilk dəfə prezident seçildikdən sonra Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoydu. 1994-cü ildə Qarabağda atəşkəsi nəzərdə tutan “Bişkek” protokolunun, bundan bir neçə ay sonra isə Əsrin müqaviləsinin imzalanması mühüm tarixi hadisə idi. Ulu Öndərin yenidən hakimiyyətə gəlişinin əvvəlində baş verən bu mühüm hadisələr Azərbaycanın inkişafının və regionda söz sahibi olan dövlətə çevrilməsinin qarantı oldu.

Böyük siyasətçi müstəqilliyi yenicə əldə edən ölkənin inkişafı üçün var gücü ilə çalışırdı. Ordu quruculuğu ilə yanaşı bütün istiqamətlər üzrə uğurlu addımların atılması əsas amillərdən idi. Ən yüksək səviyyədə həyata keçirilən daxili və xarici siyasət ölkəmizi dəfələrlə gücləndirdi.
Dahi siyasətçi ölkəmizin inkişafı və lider dövlətə çevrilməsi üçün peşəkarcasına çalışdıqca Azərbaycanda “Heydər Əliyev siyasi məktəbi” yarandı. Məhz onun qurduğu siyasi kursun davamında Azərbaycanın sürətli inkişafına nail olundu və Azərbaycan güclü dövlətə çevrildi. Bu gün qalib ölkə kimi dünyaya səs salmağımız bunun bariz nümunəsidir.

“3 oktyabr” ən yaxın tarixdə 44 günlük vətən müharibəsinin “Suqovuşan” müjdəsi ilə yadda qalıb. Bu qələbəni biz Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi altında güclənmiş ordumuz, əsgər və zabitlərimizin sayəsində qazandıq.

Biz xoşbəxt xalqıq ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ilə irəli addımlayır və günbəgün inkişaf edirik”.