Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik konsepsiyası – ŞƏRHbackend

Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni səhifə açaraq, Qurucu və Xilaskar kimi yaddaşımıza əbədi olaraq həkk olunub. Müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi. məhz Ümummilli Liderimiz Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olundu. Təbii ki, Böyük Şəxsiyyətin milli sərvətimiz olan zəngin və çoxşaxəli irsinin qorunub saxlanılması, öyrənilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Azərbaycanı bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, onu dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi. Dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən tarixi nailiyyətlər istər sovet məkanında yaşadığımız illərdə, istərsə də müstəqillik illərində milli-mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanılması, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmaqla Azərbaycanın uğurlu inkişafını təmin etmişdir. 1969-cu ildən başlayaraq, uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan geridə qalmış ölkədən, qabaqcıl bir dövlətə çevrildi.

Müstəqilliyimizin ilk dövründə ölkəmizin ağır vəziyyətində, respublikamızın mürəkkəb ziddiyyətlərlə dolu bir dövründə xalqın Ulu Öndərə olan inam və etimadı ölkəmizin müstəqilliyinin təmələnin möhkəmlənməsində mühüm rol oynadı və dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Müstəqilliyimizin ilk illərindən Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından Sovet Sosialist sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu. 1993-cü ildə xalqın təkidli tələbinə cavab olaraq Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi xilas etdi, dövlətçilik ənənələrimiz naminə tarixi missiyasını yerinə yetirməyə başladı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə böyük sıçrayış baş verdi. Həmin tarixə qədər baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. 15 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyev siyasi və iqtisadi zəmində baş verən gərginliklərə sinə gərdi, ölkəni parçalanmaq təhlükəsindən xilas edərək, müstəqilliyini qoruyub-saxlaya bildi. “Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizə yiyələnək və bu sərvətlərdən istifadə edərək xalqımızın daha yaxşı yaşamasına nail olaq”- deyə Heydər Əliyev bildirmişdir.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyin konsepsiyasını yaratdı. Ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, “Əsrin Müqaviləsi”nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. 1993-2003-cü illər ərzində dahi Heydər Əliyevin müdrik siyasəti nətcəsində Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə irəliləyərək, gələcək inkişafın strateji hədəflərini müəyyənləşdirdi. İqtisadiyyatımızın inkişafı, həm dövlət, həm də ordu quruculuğu, məhz Ümummilli Lider tərəfindən düzgün istiqamətləndirildi və bu gün biz onun bəhrələrini görürük. Fədakar həyatı, çoxşaxəli və möhtəşəm fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış Ulu Öndərimizin yolunu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illəri xarakterizə edərkən bildirmişdir: “1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır böhran vəziyyətindən çıxış yolu var. O da cəsarətdir, düşünülmüş müstəqil siyasət və addımlardır”. Azərbaycan iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə dünyanın diqqətindədir. Ötən müddət ərzində qazanılan nailiyyətlər lider-xalq birliyi Azərbaycanın uğurlarını şərtləndirən amillər sırasındadır. Dövlət başçısının özünü hər zaman xalqın birinci xidmətçisi kimi bəyan etməsi, əlbəttə ki, Heydər Əliyev siyasətinə olan sədaqətin təzahürüdür.

Prezident, Ali Baş Komandan kimi İlham Əliyevin qətiyyəti, siyasi iradəsi Azərbaycanı daha da qüdrətli və sarsılmaz edib. Ali Baş Komandan kimi dövlət başçısının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız inamlı Qələbəmiz də bu siyasətin, bu diplomatiyanın və bu qətiyyətin əsl təntənəsi idi. Bütün dünya Azərbaycanın gücünün, inamının, dəyanətinin şahidi oldu. Ulu Öndər daim torpaqlarımızı azad görmək istəyirdi və ən böyük arzusu, məhz bu idi. Prezident İlham Əliyev Ulu Öndərin arzularını yerinə yetirdi. Şuşanın azad olunması ilə bağlı dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər Xiyabanından xalqa etdiyi müraciətində qeyd etdiyi kimi, həqiqətən xoşbəxt oğuldur ki, ata nəsihətini yerinə yetirmiş oldu. Bu gün Azərbaycan regionun lider ölkəsi kimi dünyada böyük nüfuza malik olan ölkələrdəndir. Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqliyini müstəsna xidmətləri ilə sübuta yetirən Cənab İlham Əliyevin qətiyyətli iradəsi, uzaqgörən siyasəti ilə Azərbaycanı daha uğurlu gələcək gözləyir.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini