Vətənə xidmətin parlaq nümunəsibackend

Azərbaycan xalqının dahi lideri, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev zamanı qabaqlayan nadir şəxsiyyətlərdən idi. Əzaməti və gözəlliyi ilə hamını heyran edən müasir Azərbaycan onun mükəmməl əsəri, onun zəngin dövlətçilik konsepsiyasının kamil nümunəsidir. Xalqların milli istiqlaliyyət tarixini yazan dahilər vətən – xalq sevgisi ilə yaşayaraq, mənsub olduğu xalqın qayğısına qalır, onun talehyüklü məsələlərini öz çiyinlərində daşıyaraq, doğma xalqın firavanlığı yolunda öz həyatlarını fəda edirdilər. Heydər Əliyev həyatını son nəfəsinə qədər azərbaycan xalqına həsr etmiş, ölkəsinə misilsiz qayğı göstərmiş və bunun da nəticəsində bu gün onun layiqli davamçısı, siyasi varisi olan İlham Əliyev doğma xalqına xidmət etmək missiyasını böyük müvəffəqiyyət və fədakarlıqla davam etdirir.
15 oktyabr 2003-cü ildə azərbaycan xalqı gələcək müqəddəratını müəyyən edərək, keçirilən prezident seçkilərində 76,84 faizdən çox olan səsini cənab İlham Heydər oğlu Əliyevə verərək, onu Azərbaycan Respublikasının Prezidenti seçmişdir. Andiçmə mərasimində «Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm» – söyləyən cənab Prezident xalqımızın milli maraqlarının qorunmasına, ölkənin tərəqqisi və sabitliyinin təmin olunmasına söz vermişdir. Məğrur xalqımın müdrik seçimi ilə ölkəmizdə yeni dövr başladı. Bu dövrün adını «vədlərin yerinə yetirilməsi» dövrü adlandırsaq, heçdə yanılmarıq. Cənab İlham Əliyevin prezidentliyinin on yeddi illik fəaliyyət proqramının prioritet məsələlərdən başlıcası işğal altında olan torpaqlarımızın azad edilməsi, ordumuzun güclənməsi, diplomatik cəbhədə üstünlüyümüzün bərqərar olması üçün ən yüksək beynəlxalq kürsülərdən azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaq olub.
İyirmi illik zaman kəsiyində Azərbaycan regionun lider dövlətinə, dünya dövlətlər sırasında böyük nüfuza malik, digər ölkələrin hesablaşdığı, «imzalar içində imzası olan» dövlətə çevrilmişdir. Bu gün Ümummilli Liderin dövlətçilik təlimini peşəkarcasına davam etdirən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güdrətli dövlət, etibarlı tərəfdaşdır. «Bizim sözümüz imzamız qədər qüvvətlidir. Bizim sözümüz imzamız qədər təsirlidir» bəyan edən Müzəffər Ali Baş Komandan tərəqqi və sülh yolu ilə addımlayan gənc, suveren dövlətin etibarlı tərəfdaş olmaq fəlsəfəsini dünyaya mühüm nümunələrlə təsbit etmişdir.
Ölkəmizdə aparılan davamlı iqtisadi islahatların nəticəsində Azərbaycanın gələcək inkişafını təmin edən güclü iqtisadi baza yaranmışdır. İqtisadiyyatın ölkənin inkişafında müstəsna rolunu dəyərləndirən Prezident İlham Əliyev söyləmişdir «Güclü iqtisadiyyat ən önəmli amildir. Azərbaycanda bütün məsələləri həll etmək üçün ilk növbədə iqtisadiyyat güclü olmalıdır». Bu gün iyirmi illik zaman məsafəsindən birmənalı demək olar ki, cənab Prezidentin 2003-cü ildə iqtisadi konsepsiyasının prioritet istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və onların inkişafının təmin etməsi Azərbaycanın dünya qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirmişdir. Məhz güclü iqtisadiyyatın hesabına ölkənin hərbi potensialı gücləndirmiş və azərbaycan xalqı üç on illik davam edən vüsalına qovuşmuşdur.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə, bir günlük lokal antiterror tədbirlərin uğurlu nəticəsi möhtəşəm prezidentliyin ən yüksək, misilsiz zirvəsidir. İşğaldan azad olunan ərazilərdə Böyük Qayıdış prosesinin miqyası daha da genişlənəcək və həmvətənlərimiz otuz ildən çox nisgil yaşadığı torpaqlara qayıdacaqlar. Müzəffər Prezidentimizin iyirmi illik fəaliyyət dövründə sevimli xalqına verdiyi vədlərin bütünlüklə yerinə yetirilməsinin zirvəsində isə Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və Xankəndi şəhərində Azərbaycanın dövlət bayrağının ucalması idi. Okyabr ayının 15-də müzəffər sərkərdəmiz Xankədidə Azərbaycan Dövlətinin Bayrağını ucaldaraq demişdi: «İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın». İyirmi illik möhtəşəm prezidentliyinin uca zirvəsinin mükəmməl nəticəsi kimi – Azərbaycan dövlətinin ərazi bütövlüyünə nail olması və suverenliyinin tam bərpasıdır. XX – XXI əsrlərdə dünya hərbi tarixində görünməyən bir Qələbə, dünya siyasi tarixində misli olmayan diplomatik ustalıq və məharət.
Düz iyirmi il əvvəl müəyyən edilmiş bütün vəzifələr icra olundu, verilən bütün vədlər gerçəkləşdi. Bu gün Azərbaycan xalqı qalib xalqdır və öz dahi Lideri ilə fəxr edir. Cənab Prezident liderliyinin yeni mükəmməl bir konseptini dünyaya nümayiş etdirdirərək, adını yalnız azərbaycan tarixinə yox – dünya tarixinə qızıl hərflərlə yazdı.

Yeni Azərbaycan Partiyası Nəsimi rayonu

Bakı Slavyan Universiteti ərazi təşkilatının sədri

Dosent Sevinc Axundova