Zəfərnamə – Rəşad Bayramov yazırbackend

2020-ci ilin yayı. Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın ən dilbər guşələrindən olan Qarabağ və ətraf rayonlarının işğal olunmasının növbəti ildönümüdür. Televiziya və radiolarda, internet portallarında işğal olunmuş rayonlarımız haqda məlumatları görüb köks ötürür, nə zamansa qayıdacağıq mı deyə düşünürük. Bəlkə də, bir çoxları artıq ümidlərini üzüb. Doğma torpaqlarını məcburi şəkildə tərk edən vətəndaşların bəziləri Qarabağı görmədən haqq dünyasına qovuşublar, qalanlar isə hətta bircə dəfə olsa belə doğulub böyüdükləri yurdlarını yenidən görməyi arzu edirlər. Onların könülləri Qarabağ həsrəti ilə alışıb yanmaqdadır.

Qarabağ Azərbaycandır və nida işarəsi

Ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman istər xalqa müraciətində, istərsə də beynəlxalq arenada çıxışlar zamanı işğal edilmiş Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılmasını, bununla barışılmayacağı təqdirdə isə güc yolu ilə olsa da, ölkəmizin ərazi bütövlüyünü mütləq bərpa edəcəklərini bildirirdi. Aradan keçən 30 ilə yaxın müddət bəzi insanlarda inamsızlıq yaratsa da, Azərbaycan xalqı Ali baş komandanına güvənir, onun yanında olduqlarını bildirirdilər.

3 oktyabr 2019-cu il. Rusiyanın Soçi şəhərində keçirilən və Azərbaycan prezidentinin də iştirak etdiyi “Valday” forumu nəinki regionda, o cümlədən dünyada böyük maraqla qarşılanırdı. Səbəb isə əsassız deyildi. Regionun ən qaynar münaqişələrindən olan, 30 ilə yaxın müddətdir həll edilməyən məsələnin hər iki tərəfi forumda çıxış edəcəkdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına Azərbaycan Prezidenti İlham Əliyevdən cavab gəldi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan Baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Prezidentimizin sonuncu cümləsi ilk başda pafoslu və sadə bir fikir kimi görünsə də, əslində böyük zəfərin müjdəsini özündə ehtiva edən qələbə şüarına çevriləcəkdi. Başqa sözlə, tarixi anların başlanğıcı məhz “Valday” forumu və cənab Prezidentin çıxışı oldu.

“Ağdam” kəndindən zəfərə gedən yol

2016-cı il döyüşlərindəki qələbəmizdən sonra bölgədə demək olar ki, hər gün atəşkəs pozulsa da, 2020-ci il iyul ayında Tovuz rayonunun Ağdam kəndi ətrafında baş verən, bir neçə gün davam edən “Tovuz döyüşləri” əslində bir neçə ay sonra başlayacaq 44 günlük müharibənin başlanmasının qığılcımı idi. Düşmən təxribatı nəticəsində General Polad Həşimov, mayor İlqar Mirzəyev və daha 10 zabit əsgərimiz, o cümlədən 1 mülki şəxs şəhid oldu. Azərbaycan Ordusunun qətiyyətli cavabı nəticəsində düşmənin 20-dən çox yüksək rütbəli hərbçisi məhv edildi, texnikaları darmadağın olundu. Bundan sonra düşmən geri çəkildi və qismən sabitlik yarandı. Amma düşmən özüdə fərqinə varmadan Azərbaycan xalqının möhtəşəm birliyinin əsasını qoydu. Yüz minlərlə vətəndaşımız hərbi komissarlıqlara yürüş edərək könüllü şəkildə müharibədə döyüşmək üçün adlarını yazdırdılar. Onların hər biri bir neçə ay sonra şanlı tariximizin canlı şahidləri olacaqdı.

Zəfər tarixinin başlandığı gün – 27 sentyabr 2020-ci il

Şənbə günündən bazar gününə keçən gecə. İstirahət günü olduğu üçün çox adamlar səhər saatlarında başlayan 44 günlük tarixi zəfər müharibəmizdən xəbərsiz idilər. Düşmənin növbəti genişmiqyaslı təxribatı bu dəfə cavab atəşi susdurulmadı, illərdir həsrəti ilə yaşadığımız işğal edilən torpaqlarımız uğrunda sonuna qədər mübarizə aparacağımız haqq savaşına çevrildi. Düşmənin təxribatına qarşı cəbhənin bütün mövqelərində əks hücuma keçirildi. Səhər saatlarında ilk müjdə xəbərləri açıqlandı.

“Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlarını qətiyyətlə almağa davam edir, düşmən mövqeləri darmadağın edilir. Həmçinin genişmiqyaslı əks hücumlar nəticəsində strateji əhəmiyyətli Murovdağ və Ağdərə istiqamətində yüksəkliklər, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı kəndləri işğaldan azad olunub. Zəfər Azərbaycan Ordusunundur”.

Axşam saatlarında Ali Baş Komandanın xalqa müraciət zamanı bu fikirlər bir daha təsdiqini tapdı. Tarixi qələbə günlərimiz başlandı. Ölkədə qismən səfərbərlik vəziyyəti elan edildi, hərbi sirrlərin yayılmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirildi. Bununla yanaşı müharibənin ilk saatlarından etibarən ölkənin bütün şəhər və rayonlarında əhali döyüşlərə könüllü qoşulmaq üçün ən yaxında yerləşən komissarlıqlara axın edirdi. Sözlərlə ifadə edilməyəcək möhtəşəm anlar, hisslər yaşanılmaqda idi.

Sevinc və kədərin qarışdığı ay – Oktyabr

Oktyabr ayı müharibənin gedişində xüsusi əhəmiyyət kəsb edən bir ay oldu. Bu ay ərzində Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan rayon, şəhər, kənd, qəsəbələrimizi işğaldan azad edərək, milyonları sevincə bəxş etdi. Düşmən isə bu məğlubiyyətlərin cavabını döyüş meydanında deyil, mülki əhalidən çıxmaqla Azərbaycan xalqını sındıracağını düşünürdü. Cəbhə ərazisinə yaxın olan Tərtər, Bərdə, Ağdam rayonları ilə yanaşı, müharibə zolağından dəfələrlə uzaqda yerləşən Gəncə, Mingəçevir və digər şəhər, rayonlarımız dəfələrlə raket atəşlərinə məruz qaldı. 4 oktyabr 2020 və 17 oktyabr 2020-ci il tarixləri həm sevinc, həm də kədərləndiyimiz günlər kimi yaddaşlarımıza yazıldı. 4 oktyabr tarixində Cəbrayıl şəhəri və bir neçə kəndin işğaldan azad olunması düşməni qəzəbləndirdi və cəmi bir neçə saat sonra Gəncə şəhəri mülki şəxslərə qarşı istifadə edilməsi qadağan olunan raketlərdən istifadə etdi, şəhərin bir neçə istiqamətinə raket hücumları nəticəsində yaralananlar oldu, mülki infrastruktura ziyan dəydi. Eyni hadisə 17 oktyabr 2020-ci il tarixində də baş verdi. Füzuli rayonunun işğaldan azad olunmasının əvəzi yenə də mülki əhalidən çıxarıldı və hədəf yenə Gəncə şəhəri oldu. Onu da əlavə edək ki, 11 oktyabr 2020-ci il tarixində də raket hücumlarının hədəfi Gəncə şəhəri olmuşdu. Hər iki raket hücumları gecə saatlarında baş verdiyi üçün, itkilərimiz də çox oldu. Ümumilikdə raket hücumları nəticəsində 26 mülki şəxs dünyasını dəyişdi, onlarla insan yaralandı. Oktyabr ayında təkcə Gəncə şəhərinə deyil, digər şəhər, rayon və kəndlərimiz hücumlara məruz qaldı, amma düşmən təxribatları minimum itkilərlə qətiyyətli şəkildə qarşısı alındı.

Bu ay ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri, yüzlərlə qəsəbə və kəndlərimiz, strateji əhəmiyyətli Hadrut qəsəbəsi, Talış və Suqovuşan kəndləri işğaldan azad edildi.

Əziz Şuşa, sən azadsan!

2020-ci noyabr ayı. 44 günlük savaşın son günlərinə daxil olundu. Düşmən Azərbaycana qarşı bütün sahələrdə acınacaqlı şəkildə məğlub olmaqda idi. Döyüş meydanında Azərbaycan Ordusu hər saat yeni əraziləri işğaldan azad edir, düşməni qovurdu. Digər tərəfdən Prezident İlham Əliyev dünyaya həqiqətləri çatdırır, düşmənin fitnəkarlığını duyurur, haqq-ədaləti bərpa edirdi. Müharibənin ilk günlərindən etibarən xalqımız cənab prezidentin sosial şəbəkələrdə qələbə paylaşımlarını izləyir, xalqa müraciətini səbirsizliklə gözləyirdi. Müzəffər Azərbaycan Ordusu inamla irəliləyirdi, növbəti hədəfimiz Şuşa və digər rayonlarımızın işğaldan azad edilməsi idi.

8 noyabr 2020-ci il. Müzəffər Ali Baş Komandan növbəti dəfə xalqa müraciət edir, lakin bu dəfə tamam fərqli məkandan, müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanından.

“Bugün Müzəffər Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Şuşalıları və bütün Azərbaycan xalqını təbrik edirəm!”

“Dəmir yumruq” və kapitulyasiya aktı

44 günlük savaşda Azərbaycan xalqı “dəmir yumruq” kimi Ali Baş Komandanının və Azərbaycan Ordusunun ətrafında birləşdi, onlara inandı və layiqli qələbə qazandı. Bu birlik haqqında yazmaq üçün saatlar kifayət etməz. O anlar inanılmaz və kəlimələr yetməyəcək qədər möhtəşəm idi. Cənab Prezident hər çıxışında Azərbaycan xalqının sarsılmaz birliyini, “dəmir yumruq”un düşmənin daddığını bütün dünyaya çatdırırdı. 9 noyabr Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın rayonlarının 70-dən çox kəndi işğaldan azad etdi. Düşmən də artıq tam məğlubiyyətə uğradıqlarının fərqində idi. İtkilərinin sayı hesabı yox, fərarilərin qarşısını almaq isə mümkünsüz məsələyə çevrilmişdi.

10 noyabr 2020-ci il. 9 noyabr tarixində Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər nəinki erməniləri, bütün dünyanı heyrətə gətirmişdi. 44 gün ərzində dünyanın əsas diqqət mərkəzinə çevrilən regionda növbəti addımlar dünya dövlətləri tərəfindən maraqla gözlənilirdi. Ölkə başçımız dəfələrlə çıxışlarında düşmən məğlubiyyəti qəbul edərsə, o halda dayanmağımızın mümkünlüyünü bildirirdi. Məhz 9 noyabr tarixindən 10 noyabra keçən gecə Ermənistan Baş naziri Nikol Paşinyan məğlubiyyəti qəbul etdi, kapitulyasiyaya imza atmağa razı olduğunu bildirdi. 10 noyabr kapitulyasiya aktı ilə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Həmçinin bəyənatda əks olunduğu kimi, 2020-ci il dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonunun kəndləri Azərbaycana təhvil verildi, erməni silahlı qüvvələri həmin ərazilərdən tamamilə çıxarıldı.

Dastana dönən qəhrəmanlar

44 günlük haqq savaşı itkilərsiz ötüşmədi. Müharibə zamanı 3000-ə yaxın zabit və əsgərlərimiz şəhid zirvəsinə ucaldı, minlərlə hərbçimiz qazi adını qazandı. O cümlədən 100-dən çox mülki vətəndaşımız raket-artilleriya hücumları nəticəsində dünyasını dəyişdi. Bu qələbənin qazanılmasında Sizlərin rolunuz danılmazdır, hər birinizin qarşısında baş əyirik! Hər biriniz dastana döndünüz! Azərbaycan Respublikasının Himnində  qeyd olunduğu kimi:

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Qarabağ, can Qarabağ, ana yurdum!

44 günlük tarixi zəfər müharibəsi bitdikdən, kapitulyasiya aktı imzalandıqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə işağldan azad olunmuş ərazilərdə sürətli şəkildə bərpa işlərinə start verildi və bu proses indi də davam etdirilməkdədir. İlham Əliyev şəxsən bərpa işlərinə nəzarət edir, işğaldan azad olunan ərazilərə səfər edir, görülən işlərlə yerindəcə tanış olur. Səfərlər zamanı bildirdiyi ən vacib məqamlardan biri də 30 il öncə məcburi şəkildə köçürülən vətəndaşlarımızın ən yaxın tarixdə öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Ən qısa zamanda bu torpaqlarda yenidən həyat canlanacaq, daha müasir və ekoloji şəraitdə əhali firavan yaşayacaqdır. Haqq savaşında olduğu kimi, bundan sonra “dəmir yumruq” kimi bir olmalı və daha güclü Azərbaycan üçün birgə çalışmalıyıq.

Rəşad Bayramov

 “İctimai.az” informasiya portalının baş redaktoru