31 dekabr – Dünya Azərbaycan həmrəylik və birlik günüdür! ŞƏRHbackend

XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.

1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.

Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Hazırda YUNESKO-nun məlumatına görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 30 milyonu Cənubi Azərbaycanın, 3 milyonu Türkiyənin, 2.5 milyondan artığı Rusiyanın, 1 milyonu ABŞ-ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 70 mini Fransanın, 174 mini Kanadanın, 300 mini Hindistan və 350 mini Pakistanın, 800 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür.

XX əsrin əvvəllərindən təşəkkül tapan və fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edir. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların 100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Müstəqillik qazanıldıqdan sonra əldə olunan nailiyyətlər sayəsində bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açılmışdır.

Dünya Azərbaycanlılarının ilk Qurultayı 2001-ci ildə Bakıda keçirilmiş və bununla da ulu öndər Heydər Əliyev diaspora qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz bu Qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı 15 il ərzində isə keçirilmiş 3 qurultay əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərdi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Şuşada bir araya gələcək həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi bəyan edəcək, şanlı Qələbəmizin rəmzi olan “dəmir yumruğ”un gücümüzün sübutu olduğunu bir daha dünyaya çatdıracaqlar. Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

Azər Nemətli,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini