21/07/2026

Qazaxıstan Mərkəzi Asiya ölkələri arasında Formula 1 Azərbaycan Qran-prisinə ən çox maraq göstərən ölkədir

Bakı Şəhər Halqası (Baku City Circuit) tərəfindən təqdim edilən məlumatlara əsasən, son illərdə Qazaxıstandan yarışa bilet alan azarkeşlərin sayı davamlı şəkildə artır.

2025-ci ildə Azərbaycan Qran-prisinə dünyanın 115 ölkəsindən azarkeş bilet alıb. Mərkəzi Asiyada isə ən çox bilet alan ölkə Qazaxıstan, ikinci yerdə isə Özbəkistan olub.

2022-ci ildən etibarən Qazaxıstandan bilet satışları hər il ən azı 50% artıb. Bu artım sayəsində Qazaxıstan Bakıdakı Formula 1 yarışına bilet alan xarici azarkeşlərə görə dünyanın ilk 15 ölkəsi sırasında yer alır.

2026-cı il Azərbaycan Qran-prisinin 10 illik yubileyidir. İlk yarış 2016-cı ildə Avropa Qran-prisi adı ilə keçirilib, 2017-ci ildən isə “Azərbaycan Qran-prisi” adı altında Formula 1 təqviminə daxil edilib.

2026-cı il Formula 1 Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək.

Bakı Şəhər Halqası Formula 1-in ən məşhur şəhər traslarından biri hesab olunur. Təxminən 6 kilometr uzunluğunda olan tras Xəzər dənizi sahilindəki yüksək sürətli düz yol hissələrini İçərişəhərin dar döngələri ilə birləşdirir. Ən dar hissəsinin eni cəmi 7,6 metrdir, bolidlər isə bəzi hissələrdə 350 km/saatdan artıq sürət yığa bilir. Bu xüsusiyyətlər yarışı mövsümün ən maraqlı və gözlənilməz mərhələlərindən birinə çevirir.

Oxşar xəbərlər