30/09/2026

“Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində “F3 Mühasibatlıq Kursu” təlimləri uğurla yekunlaşdı

“Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində “F3 Mühasibatlıq Kursu” təlimləri uğurla yekunlaşdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyinin həyata keçirdiyi “Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil olunan beynəlxalq ACCA F3 (Financial Accounting) təlim proqramı uğurla yekunlaşmışdır.

İki ay davam edən intensiv təlimlər çərçivəsində gənc mütəxəssislərə beynəlxalq maliyyə hesabatlılığı standartları, maliyyə uçotunun əsasları, aktiv və öhdəliklərin qiymətləndirilməsi, eləcə də sınaq balansının və yekun maliyyə hesabatlarının tərtibi üzrə dərin nəzəri və praktiki biliklər tədris olunmuşdur. Tədris prosesində real iş mühitinin tələblərinə uyğun praktiki tapşırıqlar və Keys (case study) təhlilləri aparılaraq iştirakçıların tətbiqi bacarıqlarının gücləndirilməsinə xüsusi diqqət yetirilmişdir.

Təlim proqramını müvəffəqiyyətlə başa vuran 25 nəfər gənc mühasib əmək bazarında rəqabətqabiliyyətliliklərini artıraraq peşəkar mütəxəssis kimi formalaşma yolunda mühüm təcrübə qazanmışdır. Layihə gənclərin iş dünyasına adaptasiyasını sürətləndirməklə yanaşı, onların özünəinamını və peşəkar şəbəkələrini (networking) genişləndirmələrinə zəmin yaratmışdır.
Məlumat üçün bildiriək ki, təlim mərhələsi yekunlaşsa da, layihə çərçivəsində fəaliyyətlər davam etdirilir.

Layihənin növbəti mərhələsində iştirakçılar üçün CV hazırlanması, müsahibə texnikaları və şəxsi brendin formalaşdırılması üzrə karyera təlimlərinin keçirilməsi, həmçinin layihənin kulminasiya nöqtəsi olaraq gənclərlə işəgötürənləri, aparıcı maliyyə və audit şirkətlərini bir araya gətirəcək yekun Forumun (Karyera Festivalının) təşkili nəzərdə tutulur.

Oxşar xəbərlər