Azərbaycanın artan beynəlxalq nüfuzu Qazaxıstan səfəri ilə bir daha diqqət çəkdibackend

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən ikitərəfli görüşlərdə, həmçinin, adı çəkilən Zirvə Toplantısındakı çıxışında respublikamızla əməkdaşlıq münasibətləri olan  dövlətlər arasında siyasi, hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əlaqələrin mövcud vəziyyətinə toxunub, eyni zamanda, bu istiqamətlərdə gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib.    

Dövlət başçısı belə bir mötəbər tədbirdəki nitqi onun beynəlxalq aləmdəki nüfuzunun parlaq nümayişi kimi diqqət çəkdi. Bu, eyni zamanda, Prezident İlham Əliyevin həmin toplantıda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm də Zəngəzur dəhlizinin açılmasının önəmi ilə bağlı səsləndirdiyi konkret fikirlərdə, postmüharibə dövründə respublikamızla Ermənistan arasında olan münasibətlər barədə beynəlxalq aləmə mesajlarında da bir daha öz ifadəsini tapdı.

Bu məqamda xatırladaq ki, Cənubi Qafqaz regionundakı hazırkı yeni reallıq məhz Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə əldə olunub. Bu reallıq ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə ticarətin həcminin artırılmasını, yeni nəqliyyat layihələrinin həyata keçirilməsini şərtləndirib.

Yeri gəlmişkən, dövlət başçısı  Zirvə Toplantısında işğaldan azad edilən ərazilərimizdə Azərbaycanın  öz resursları hesabına genişmiqyaslı quruculuq işləri apardığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönmələri ilə əlaqədar “Böyük Qayıdış” adlanan proqramın icrasına artıq başlandığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev daha sonra deyib: “Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir…”.

Onu da diqqətə çatdırım ki, respublikamızın nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilib, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilib, çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Şərq-Qərb  və Şimal-Cənub kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri gerçəkləşdirilib.

Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə bu nəqliyyat dəhlizlərindən səmərəli istifadə edilib. Respublikamızın ərazisindən keçən yolların çoxşaxəli olması ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz yüksəlib.

Şərq-Qərb  və Şimal-Cənub kimi iri nəqliyyat dəhlizləri ilə bağlı  həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub.

Təranə Paşayeva

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru