Azərbaycanda Novruz bayramının qeyd ediləcəyi 20-21 martda “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Məlumata görə, sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli tərtib olunacaq.
Qeyd edilən iki gün ərzində saat 07:00-dan 21:00-dək “Həzi Aslanov” – “28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Martın 22-dən 26-dək həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Yaşıl və qırmızı xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq.
“Bakmil” istiqamətində hərəkət edən sərnişinlər martın 20-21-də şənbə gününün, martın 22-26-da isə bazar gününün hərəkət cədvəllərindən istifadə edə bilərlər.
Bununla yanaşı, qeyri-iş günlərində ehtiyat qatarlar, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.