“Beynəlxalq əməkdaşlığın ikitərəfli formatı uğurla inkişaf edir” – Sabit Mehdiyevbackend

Sirr deyil ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə isə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də, ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə, Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq güclənir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də, ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni, istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də, Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də, regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Digər tərəfdən, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Azərbaycanın səmərəli xarici siyasət kursundan bəhs edərkən ölkəmizin ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da xüsusilə qeyd edilməlidir. Belə ki, ayrı-ayrı ölkələrlə ticari-iqtisadi əlaqələrin dinamik templə davam etdirilməsi siyasi münasibətlərin inkişafına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxşaxəli münasibətlərdə təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir. Müasir dövrdə beynəlxalq münasibətlər sisteminə təsir edən əhəmiyyətli amillərdən biri regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də, beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır. Şübhəsiz ki, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Başqa sözlə, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı-faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır.

Bütövlükdə, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Bu gün, Azərbaycan Respublikasının sıx əməkdaşlıq etdiyi dövlətlərdən biri də, Rusiya Federasiyasıdır. Məhz, Azərbaycan-Rusiya formatı həm ikitərəfli, həm də, çoxtərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır, bölgədə təhlükəsizlik və işbirliyinə əhəmiyyətli töhfələr verir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yaranan yeni format regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət etməklə və ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaratmaqla bərabər, region ölkələri arasında qarşılıqlı etimad mühitinin dərinləşməsi baxımından da böyük önəm daşıyır. Qədim dostluq və mehriban qonşuluq  ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri  yüksələn xətt üzrə inkişaf etməkdədir. Məlumdur ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr, 4 aprel 1992-ci il tarixində qurulmuşdur və həmin ildə hər iki dövlətin qarşılıqlı olaraq səfirlikləri açılmışdır. Bu illər ərzində Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində Baş konsulluqları, eləcə də, Azərbaycanın Rusiyadakı səfirliyi nəzdində Ticarət nümayəndəliyi fəaliyyətə başlamışlar. Ötən bu illər ərzində iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir. Şübhəsiz ki, Azərbaycan ilə Rusiya arasında yaradılmış bu cür mühit, ilk öncə iki ölkə liderləri, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan qarşılıqlı etimad, həmçinin, dostluq münasibətlərinə əsaslanır. Dövlət başçılarının son illərdə baş tutan mütəmadi görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls vermişdir. Hər iki dövlət arasında olduqca intensiv siyasi dialoq mövcuddur. Parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti, Xarici işlər nazirliklərinin və digər nazirliklərin, eləcə də, aidiyyətı qurumların rəhbərliyi arasında çoxsaylı təmaslar isə, mehriban qonşuluq siyasətini, çoxəsrlik dostluq, qarşılıqlı hörmət ənənələrini özündə əks etdirən əməkdaşlığı daha da zənginləşdirmişdir. Dünya arenasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə effektiv əməkdaşlıq edir və qarşılıqlı maraqları nəzərə alır. Diplomatik münasibətlərin qurulmasından keçən bu illər ərzində iki ölkə arasında çoxsaylı ikitərəfli sənədlər imzalanmış və onların həyata keçirilməsi üçün mühüm addımlar atılmışdır. 3 iyul 1997-ci il tarixli Dostluq, əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə, 9 yanvar 2001-ci il tarixli Bakı Bəyannaməsi, 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsi, 3 iyul 2008-ci il tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsi Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığı təmin edən mühüm sənədlərdəndir.

Regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir, çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Azərbaycan, hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkə Prezidenti, cənab İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional, eləcə də, qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir. Belə olan halda, Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün, dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir.

Beləliklə, öz xarici siyasətində milli maraqlar, həmçinin, beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə, öz növbəsində daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir…

 

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının məsləhətçisi