“Beynəlxalq Kouçinq Forumu 2024” KEÇİRİLDİ – FOTObackend
Bakı Gənclər Mərkəzində, “SƏSDƏN KÖNÜLLƏRƏ” Beynəlxalq Kouçinq Layihəsinin rəhbəri Əsmər Kərimovanın təşkilatçılığı və təşəbbüsü ilə davamlı inkişaf naminə “Beynəlxalq Kouçinq Forumu 2024” keçirilib.

İctimai.az xəbər verir ki, forumda kouçinq sisteminin əhəmiyyətindən, kouçların insanların həyatındakı rolundan, cəmiyyətə verdiyi və verə biləcəyi töhvələrdən danışıldı. Forumun rəsmi tərəfdaşı Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycanda fəaliyyət göstərən ilk və tək təsdiqli kouçinq mərkəzi İCE Akademisi, media dəstəyi isə EmpaTV sosial psixoloji mediadır.

Peşəkar tv və radio aparıcısı Rauf Şirinovun aparıcılıq etdiyi forumun açılış nitqini layihə rəhbəri Əsmər Kərimova etdikdən sonra söz spikerlərə verilib. İlk hissədə Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycan bölməsinin prezidenti İlham Musayev, Federasiyanın regional meneceri Sofia Rodrigues, Peşəkar kouç və Wegros platformasının direktoru, həmtəsisçisi Sənan Həsənov, Federasiyanın MCC ünvanlı kouçu və Mentor Mehmet Eğilmezer, Etika üzrə təlimçi və kouç Vüqar Sadiq çıxış etdilər.

Daha sonra yer musiqiyə verilib. Gənc və istedadlı musiqiçi, Səs Azərbaycan 2023 musiqili yarışmasının qalibi Zülfü Əsədzadənin ifası və Kamerton rəqs qrupunun ifasında birlik bərabərlik rəmzi olan “Yallı” rəqsi iştirakçıların zövqünü oxşayıb.

İkinci hissə psixoloqların çıxışı və panel müzakirədən ibarət olub. Psixoloqlar Nurşən Qurbanova, Heyran İbrahim, Yasəmən Məmmədova öz təcrübələrinə əsaslanaraq psixoterapiya və kouçinq sisteminin birlikdə vəhdətindən danışıb. Panel müzakirədə isə, sözün əsl mənasında, beyin fırtınası yaşanıb. Belə ki, səhnəyə Federasiyanın MCC ünvanlı kouçu Senem Eğilmezer və rəhbəri olduğu İCE Akademiyasının məzunları və yaşam kouçları Müjgan İsmayılova, Könül Rəsulova, Məsmə Ağayeva, Qəmər Şenoğlu dəvət edildi. Panel müzakirədən sonra söz forumun media dəstəyi olan Empa TV-nin rəhbəri Sevinc Rəcəbovaya verilib. Sevinc xanım bu forumu həmçinin Həmrəylik forumu adlandıraraq psixoloq və kouçlara öz təşəkkürünü bildirib. Bütün spikerlər layihə rəhbəri Əsmər Kərimova tərəfindən təşəkkürnamə və forumun tərəfdaşlarından hədiyyələrlə təltif olunub. Forumun sonunda tərəfdaşlar da təşəkkürnamə ilə təltif olunduqdan sonra yekun nitqi yenidən Əsmər Kərimovaya verilib. Əsmər xanım layihəsinin devizini üstün tutaraq deyib: “Bu gün mən deyil, biz olduğumuz üçün sizlərə təşəkkür edirəm”.

Forumun iştirakçıları arasında yazıçılar və jurnalistlər birliyinin üzvü Bayram İsgəndərli, Həyat fondunun qurucusu Hacı Nuran Hüseynov, Start Academy tədris mərkəzinin rəhbəri Flora Yolçıyeva, Turan N1 tədris mərkəzinin rəhbəri Arzu Hacıyeva, DocCenter direktoru və peşəkar kouç Elnarə Əliyeva, Good Habits Club təsisçisi, kouç Cəmilə Cəlilova, digər mərkəzi rəhbərləri, təhsil ekspertləri, psixoloqlar, müəllimlər, tələbələr iştirak edib.

 

"Beynəlxalq Kouçinq Forumu 2024" KEÇİRİLDİ - FOTO