Cənubi Afrikanın İsrailə qarşı iddiası ilə bağlı BMT-nin məhkəmə dinləmələrinin vaxtı məlum olubbackend

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin sənədinə əsasən, İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətləri ilə bağlı Cənubi Afrika Respublikasının müraciəti üzrə dinləmələr yanvarın 11-12-də Haaqada keçiriləcək. TASS yazır ki, dinləmələrdə cümə axşamı Cənubi Afrikanın, cümə günü isə İsrailin nümayəndələri çıxış edəcəklər.

Cənubi Afrika Xarici İşlər Nazirliyinin 2023-cü il dekabrın 29-da verdiyi məlumata görə, ölkə İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. İsrail Xarici İşlər Nazirliyi buna cavab olaraq məhkəməni Cənubi Afrikanın Fələstin anklavında hərbi əməliyyatla bağlı yəhudi dövlətini Soyqırım Konvensiyasının pozucusu kimi tanımaq tələbini rədd etməyə çağırıb.

Noyabrın əvvəlində Cənubi Afrika hökuməti İsrail ordusunun Qəzza zolağında davam edən hərbi əməliyyatı fonunda Tel-Əvivdəki diplomatlarını məsləhətləşmələr üçün geri çağırmaq qərarını açıqlamışdı. Buna cavab olaraq İsrail də məsləhətləşmələr üçün Pretoriyadakı səfirini geri çağırıb. Yəhudi dövlətinin səlahiyyətliləri Cənubi Afrikanın bu addımını “HƏMAS-ın qələbəsi” adlandırıb və ölkənin özünümüdafiə hüququna hörmət edilməsini tələb ediblər.

Mənbə: TASS