Deputat: Azərbaycan regionun aparıcı dövləti, beynəlxalq aləmin etibarlı tərəfdaşıdırbackend

Azərbaycanın həyata keçirdiyi hərtərəfli siyasət böyük uğurlar qazandırıb. Bu gün dünyada baş verən bir çox hadisələrin fonunda Azərbaycan inkişafdan qalmır, əksinə daha da inkişaf edir. İqtisadiyyatın inkişafı, yeni çağırışlara uyğun olaraq həyata keçirilən daxili və xarici siyasət, sosial məsələlərin həlli yeni uğurların əldə olunmasına şərait yaradıb. Azərbaycanın dünyada artan nüfuzu beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməklə yanaşı dost ölkələrlə əməkdaşlıqların davam etdirtilməsi, digər ökələrin əməkdaşlıq qurmağa can atmasına səbəb olub. Saysız-hesabsız uğurlara imza atan Azərbaycan regionun aparıcı dövləti, beynəlxalq aləmin etibarlı tərəfdaşıdır.

İctimai.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Belarus və İran Prezidentləri ilə keçirdiyi görüşlərlə bağlı danışarkən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Şahin İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin dost və qardaş ölkələrin liderləri ilə son görüşlərinə nəzər saldıqda Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasətin və bunun nəticəsində əldə olunan uğurların şahidi oluruq:

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri və səfərin gündəliyi hər iki dövlət və xalqlar arasında geniş əlaqələrin olduğunu göstərir. Azərbaycan və Belarus Prezidentləri mətbuata verdikləri bəyanatda bir çox mühüm məsələlərə toxundular.  Sənaye kooperasiyası, xüsusən də birgə istehsal potensialının artırılması məsələsi xüsusilə qeyd olunub. Davamlı xarakter daşıyan əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir. Geniş tərkibdə keçirilən görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Səmimi əlaqələrə toxunan Belarusiya Prezidenti də ölkələr arasındakı münasibətlər və əməkdaşlıqla bağlı fikirlərini səsləndirdi. Azərbaycan Xalqının Ümummilli Lideri ilə bağlı “Kaş ki, o, Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi” deyə qeyd edən Belarus Prezidenti bununla Azərbaycanın milli mənəvi dəyərlərinə və dövlətçilik tarixinə ehtiramını ifadə etdi. Görüş onu göstərdi ki, Azərbaycan-Belarus əlaqələri bundan sonra da sürətlə inkşaf edəcək. Bu xalqlarımız və hər iki dövlət üçün uğurla nəticələnəcək.

Cari ilin may ayının 19-da  Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində iki ölkə Prezidentinin görüşü, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirakı hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bu görüşün  İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacağını qeyd edən Prezident İlham Əliyev hər iki dövlətin nümayiş etdirdiyi siyasi iradəni, bununla birliyimizin dünyaya açıq bəyan edildiyini vurğuladı. Bu, əməkdaşlığımızı istəməyən kənar qüvvələrə verilən siyasi mesaj idi. “Çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk” – deyə qeyd edən İran Prezidenti görüşün əhəmiyyətini, xalqlarımız arasında olan münasibəti ifadə etdi. Ərsəyə gətirilən yeni layihələr səmərəliliyinə görə xüsusi önəm daşıyır və region üçün kifayət qədər əhəmiyyətlidir.