Deputat əhalinin məşğulluğu və qazlaşdırma ilə bağlı hökümətdən xahiş etdibackend

“Sevindirici haldır ki, inkişaf Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını da tam əhatə edir. Qeyd edilən bölgələrdə təhlükəsizliklə bağlı çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə ötən ildə sənaye və infrastruktur, aqrar və ekologiya, tikinti, şəhərsalma və xidmət sahələrində xeyli işlər görülüb, həmin ərazilərdə sosial-iqtisadi inkişafın və soydaşlarımızın doğma yerlərinə qayıdışının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilib”.

 

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən Plenar İclasında Milli Məclisin Regional məsələlər komitəsinin Üzvü Kamran Bayramov deyib:

 

“Bununla bərabər, hesabatın “Regionların sosial-iqtisadi inkişafı” bölməsində qeyd olunanlar da onu deməyə əsas verir ki, Hökumətimiz tərəfindən ölkəmizin digər bölgələrinin də inkişafının sürətləndirilməsi, yerlərdə əhalinin maddi rifahının yüksəldilməsi üzrə bir çox işlər görülüb. Cənab Prezidentin bölgələrə səfərləri, infrastruktur layihələrinin reallaşdırılmasında şəxsi iştirakı ölkəmizdə regional siyasətin uğurla həyata keçirilməsinə öz töhfəsini verməkdədir.

 

Qeyd etmək istərdim ki, seçildiyim dairəyə daxil olan Daşkəsən və Şəmkir rayonlarının da sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. Amma, fürsətdən istifadə edərək, seçicilərimi narahat edən bəzi problemləri diqqətinizə çatdırmaq istərdim və onların həlli üçün köməklik göstərilməsini xahiş edərdim.

 

Daşkəsən rayonunun əsas problemlərindən biri məşğulluq məsələsidir və bu problem əsasən rayon ərazisində yerləşən və vaxtilə 2 mindən çox insanın işlədiyi Daşkəsən Filizsaflaşdırma Kombinatının uzun müddət fəaliyyətsiz qaldığı ilə bağlıdır. 2020-ci ildə cənab Prezidentin imzaladığı müvafiq Sərəncamlara əsasən Daşkəsən dəmir filizi yatağının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb, yatağın istismara verilməsi ilə əlaqədar qiymətləndirmə işlərinin aparılması üçün Cəmiyyətə maliyyə vəsaiti ayrılıb, “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb. Ötən dövr ərzində bu sahədə xeyli işlər görülüb, təqdim olunmuş hesabatda da həmin işlərin miqyası aydın şəkildə göstərilib.

 

Bununla əlaqədar, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən qeyd edilən müəssisənin tezliklə istismara verilməsi üçün tədbirlərin görülməsini xahiş etmək istərdim. Bu müəssisənin işə salınması yeni iş yerlərinin açılmasına, Daşkəsənin və hətta ətraf rayonların sakinlərinin daimi işlə təmin olunmasına və sosial rifahının yüksəldilməsinə, bu regionda işsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına və, ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət edəcək”.

 

Deputat çıxışının davamında qeyd edib ki, hökumət üzvlərinin iştirakından istifadə edərək, onların diqqətinə Şəmkir rayonunda yaşayan əhalini narahat edən və görüşlərdə mütəmadi olaraq qaldırılan problemlərdən birinə də cəlb etmək istəyir, bu da qaz təchizatı ilə bağlıdır: Əslində, həmin rayonlarda əksər yaşayış məntəqələri qazla təmin olunub. Lakin, həmin məntəqələrdə yeni yaşayış məhələlləri və massivləri salınıb, amma dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bu günə qədər qazla təmin edilməyib. Məsələn, Şəmkir rayonunun Kür qəsəbəsində, Abbaslı, Düzqışlaq, Xuluf, Keçili, Könüllü, Səməd Vurğun, Qapanlı, Mahmudlu, Təzəkənd, Yeni Yol və Yeniabad kəndlərində salınmış yeni yaşayış massivlərində 3000 nəfərin yaşadığı 650 ev təsərrüfatının, eyni zamanda, 394 nəfərin yaşadığı 113 ev təsərrüfatına malik olan Nərimanlı kəndinin tam qazlaşdırılmasına ehtiyac var. Bununla əlaqədar Hökumətimizdən qeyd edilən ev təsərrüfatlarının və adı çəkilən kəndin qazla təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş edirəm.