Dil xalqın tarixi, mədəniyyəti, bu günü və gələcəyidirbackend

Dilin saflığı, onun qorunması yolunda illər uzunu mübarizə və mücadilə aparılıb. Azərbaycan dili milli müstəqilliyin, suverenliyin, istiqlalın, Azərbaycan ideologiyasının əsaslarından biri olduğundan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək, xalqa təqdim olunub. Xüsusi olaraq vurğulayaq ki, 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Belə ki, Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir”, – deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. 1978-ci ilin IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndərin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Ulu Öndər İlham Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir.

 

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri