Son 30 il ərzində Azərbaycanın xarici siyasətinin praqmatikliyi beynəlxalq münasibətlər sistemində də təsirsiz ötüşməyib. Dayanıqlı və balanslaşdırılmış mexanizmə malik xarici siyasət sistemi Azərbaycanın digər ölkələrlə münasibətlərinin düzgün şəkildə qurulması və inkişafının təkanverici qüvvəsi halına gəlib. Azərbaycanın beynəlxalq tədbirlərin ev sahibinə çevrilməsi təkcə region ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb etməyi bacarıb. İndiyədək həyata keçirilən beynəlxalq konfranslar, idman yarışları və müsabiqələri Azərbaycanı beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi tanıtdırıb.
44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı möhtəşəm qələbə ilə beynəlxalq müstəvidə qalib və müstəqil siyasət yürüdən dövlət kimi böyük imic qazandı. Bu həm də, ölkəmizi təkcə lokal deyil, həm də, regionun lider dövləti kimi, qlobal siyasətdə böyük pay sahibinə çevirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, neokolonializmin bütün təzahürlərinə qarşı mübarizə, türk dövlətləri və qonşu dövlətlər ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması həyata keçirilən məqsədyönlü siyasətin təsahürüdür.
Azərbaycan çoxsaylı qlobal çağırışların müəllifi və dəstəkçisi, eləcə də beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə də öz töhfəsini verməkdədir. Belə ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olaraq müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunması, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi ətraf mühit ekosistemin inkişafı istiqamətində olduqca böyük tədbirlərdəndir.
Sözsüz ki, Azərbaycanın bu səyləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi ilə nəticələndi. Bu, həm də ölkəmizin beynəlxalq arenada nüfuzunun bariz göstəricisidir. Azərbaycanda 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsini də elə bu qlobal çağırışa milli həmrəyliyin göstərilməsi məqsədilə atılmış addım hesab etmək olar.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində bu il “Yaşıl UNEC İli” olaraq elan olunub. Qəbul edilmiş Tədbirlər Planında 6 məqsəd üzrə 30-a yaxın müxtəlif tədbir və layihənin reallaşdırılması planlaşdırılır. İnanırıq ki, noyabr ayında keçiriləcək COP29 konfransı iqlim dəyişikliyi böhranının səbəbləri və qarşısının alınması yollarının öyrənilməsi, eləcə də, ölkəmizdə “Yaşıl iqtisadiyyata” keçidin təmini baxımından olduqca böyük nəticələr verəcək. Gənc tədqiqatçılar olaraq bizlər də bu sahədə öz töhfələrimizi verməyə hər bir zaman hazırıq.
Arif Rəhimli, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının tədqiqatçısı