İcra başçısından təqdirəlayiq hərəkət – FOTOLARbackend

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təqdirəlayiq hərəkəti ilə seçilib.

İctimai.az xəbər verir ki, icra başçısı şəhid ailələrini ziyarət edib geri dönən zaman yolda baş verən qəzaya biganə qalmayıb, öz köməyini təklif edib. Sözügedən hadisə sosial şəbəkələrdə yayılıb və rəğbətlə qarşılanıb.

Hadisə ilə bağlı foto və fikirləri olduğu kimi təqdim edirik.

Bu gün kəndimizdə şahidi olduğum maraqlı hadisəni sizinlə bölüşmək istəyirəm. Günorta saatlarında kənd yolunda bir nəfərin yüngül xəsarət alması ilə nəticələnən avtoqəza baş vermişdi. Hadisə yerinə ​ gələn Təcili Tibbi Yardım maşını qəza zamanı avtomobillərin birində olan qadına ilkin tibbi yardım göstərirdi.
Bu zaman kənddə şəhid ailələrini ziyarət edib qayıdan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hadisə yerinin yanından keçirdi. İcra başçısı hadisəyə biğanə qalmadı. Avtomobilini saxlayıb, qəza yerinə yaxınlaşdı. Qəzaya düşənlərin vəziyyəti ilə maraqlanıb, köməyini təklif etdi. İcra hakimiyyəti başçısının bu hərəkəti hadisə yerində olan insanlar tərəfindən rəğbətlə qarşılandı.
Düzdür bunu etmək hər bir vətəndaşın insanlıq borcudur. Amma etiraf edək ki, günümüzdə heç də bütün məmurlardan bu səmimiyyəti görmürük.