Qırmızı dənizində ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın husilərə qarşı əməliyyatında Pakistan donanmasının iştirakı ilə bağlı xəbərlər əsassızdır. Belə ki, İslamabad Vaşinqtonun ABŞ-nin rəhbərlik etdiyi Birləşmiş Dəniz Qüvvələrinin tərkibində Qırmızı dənizdəki 153 saylı İşçi Qrupuna qoşulmaq təklifini rədd edib.
Bu barədə Pakistan Hərbi Dəniz Qüvvələrinin sözçüsü məlumat verib.
“Bizim gəmilər ora Pakistanın da aid olduğu beynəlxalq gəmiçiliyi qorumaq üçün göndərilib. Bunun HƏMAS və İsrail arasındakı münaqişə ilə heç bir əlaqəsi yoxdur. Biz Husilərlə İsrail arasında heç bir münaqişənin tərəfi deyilik”, – deyə sözçü bəyan edib.
“Pakistan Hərbi Dəniz Qüvvələrinin missiyası beynəlxalq öhdəliklərə uyğun olaraq, ərazi sularımızdan keçən ticarət gəmilərimizin və dəniz kommunikasiyalarının təhlükəsizliyini təmin etməkdir”, – o əlavə edib.
Mənbə: TASS