Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı varbackend

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edərək bildirdi ki, artıq 30 ildir ki, biz bu tədbiri keçiririk. Dinamik inkişafı ilə fərqlənən Bakı şəhərində toplaşdığımız bir zamanda enerji sektorunda innovasiya, tərəqqi və əməkdaşlığın artıq üç onilliyini qeyd edirik. Bu toplantı təkcə ötən nailiyyətlərimizi ifadə etməklə kifayətlənmir, həm də sənaye sektorunu və dünyanı şəkilləndirəcək gələcək nailiyyətlər üçün körpü rolunu oynayır. Bakı Enerji Həftəsinin dünya ictimaiyyəti üçün nə qədər vacib əhəmiyyətə malik olduğunu söyləsək, mübaliğə etmiş sayılmarıq. Bu, enerjinin inkişafına, dayanıqlılığa və bizi daha parlaq, daha səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə davamlı sadiqliyimizin təzahürüdür. Otuz il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlamış və müasir müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi xatirələrdə qalmışdır. Göründüyü kimi, bu il 30 illiyi qeyd olunan məşhur “Əsrin müqaviləsi”nin imzalanmasından bir qədər əvvəl buna ilkin olaraq təşəbbüs göstərilmişdi. O vaxtdan bəri tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib. İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəsarətli bir addım olub. Bu mövzu Bakı Enerji Həftəsinin gündəliyində daha geniş yer tutacaq. Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir, iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur. Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Hökumətinə, Energetika Nazirliyinə göstərdikləri dəstəyə, habelə SOCAR-a səmimi təşəkkürümüzü bildiririk. Bakı Enerji Həftəsinə verdiyimiz dəstək bu tədbirin Azərbaycanın daha parlaq, daha səmərəli gələcəyə doğru strategiyasının əhəmiyyətli bir komponentinə çevrilməsinə kömək edəcəkdir.

Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” 10 min kvadratkilometr ərazini əhatə edir. Yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan bölgə 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidroenerji potensialına malikdir. Artıq 7 kiçik su elektrik stansiyası işə salınıb. Həmçinin ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Araşdırmalara və mütəxəssislərin qənaətinə görə, gələcəkdə istehsal edilən alternativ enerji Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan isə Avropaya nəql ediləcək.

Məlum olduğu kimi, Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin reallaşdırılması istiqamətində işlərə başlanılıb. Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində müqavilə imzalanıb. Dörd ölkə -Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin nəqli sahəsində əməkdaşlığa dair razılaşma əldə edilib. Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurdakı enerji mənbələrindən səmərəli istifadə edilməsi üçün çox geniş infrastruktur qurulur və hər iki bölgə yaxın vaxtlarda enerji ixracatçısına çevriləcək.

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri