Sığorta şirkəti vətəndaşın pulunu vermir – “AzSığorta”dan şikayətbackend
14.10.2021-ci il tarixində Abşeron rayonunun Novxanı kəndində Abbasov Xasay Salman oğluna məxsus “Freqat” mehmanxanasının yerləşdiyi ümumi sahəsi 500 m² olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb. Faktla əlaqədar  FHN-nin Əməliyyat-İstintaq İdarəsinə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.04.2022-ci il tarixli, 10/766 saylı məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən “Freqat” mehmanxanasında baş vermiş yanğın nəticəsində dəymiş ziyanın təqribən 48227 manat məbləğində olduğu müəyyənləşdirilib.
Qeyd edək ki, obyekt AzSığorta şirkəti tərəfindən sığortalanıb. Ancaq məhkəmə tikinti-texniki ekspert rəyində göstərilən dəymiş zərərin 48227 manat olmasına baxmayaraq, adı çəkilən AzSığorta şirkəti dəymiş zərərin tamamının ödənilməsinin əleyhinə çıxaraq zərərin təqribən yarısını (24000 manat) ödəmək istədiyini bildirib.
Bununla əlaqədar şikayətin daha ciddi araşdırılmasını və adıçəkilən sığorta şirkətinə dəymiş zərərin tamamının ödənilməsi ilə bağlı obyekt sahibi Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət ünvanlayıb. Qeyd edək ki, şikayətçilər məsələnin həlli prossesi uzanarsa, adıçəkilən şirkətin qeyri-qanuni və əsassız iddialarına qarşı lazımi instansiyalara müraciət olunacağını bildiriblər.