Sosial şəbəkə təhqirlərindən, söyüşlərindən necə xilas olaq?- “Bunu tam aradan qaldırmaq mümkün olmayacaq”backend

Son illərdə sosial şəbəkələrlə bağlı  önəmli məsələlərdən biri də sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın yaratdığı məsuliyyətlə bağlıdır. Sosial şəbəkələrdə insanlar sanki öz məsuliyyətini dərk etmir və istənilən an istənilən şəxsi təhqir edə biləcəklərini zənn edirlər. Bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər öz real ad soyadlarını gizlədir – saxta istifadəçi adlarından, hesablardan istifadə edirlər. Əlbəttə, bu halın mövcudluğu həmin şəxs üçün hər hansı bir hüquqi məsuliyyət yaratmır. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri təhqir etməkdən və onlara böhtan atmaqdan çəkinmirlər.

Maraqlısı budur ki, tənqiddən çox təhqir hədəfinə çevrilənlər isə Milli Məclisin deputatlarıdır. Çünki əksər hallarda onların dediyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmır. Odur ki, bu tip halların qarşısının alınması, dövlət tərəfindən insanların şərəf və ləyaqətinin müdafiəsinin, saxta profil hesablarından istifadə edərək insanların şərəf və ləyaqətini alçaldan, onlara böhtan atan şəxslərlə bağlı ötən günlərdə Milli Məclisdə “Sosial şəbəkələr haqqında” qanunun qəbul edilməsi təklif olunub.

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, sosial şəbəkələr hər kəsin asanlıqla istifadə edə biləcəyi informasiya alətidir:

“Buradan istifadə edənləri bir neçə qruplara ayırmaq olar. Bu qrupları isə müsbət və mənfi kateqoriyalarla xarakterizə edə bilərik. Mənfi kateqoriyalara aid hissəyə böhtan, dezinformasiya və digər hüquqazidd əməllərin icraçılarını misal çəkə bilərik. Təəssüflər olsun ki, biz tez-tez sosial şəbəkələrdə bu cür halların şahidi oluruq. Bu şəxslər öz xislətini gizlədə bilməyən və sosial şəbəkələrin yaratdığı imkanlardan sui-istifadə edərək çirkin kampaniyalar aparanlardır. İstənilən halda həmin şəxslərin əməlləri xoş qarşılana bilməz. Sivil cəmiyyətdə yaşayırıq və hər kəsin söz azadlığı var. Lakin, bu heç kimə qanun və dəyərlərdən kənara çıxmağa əsas vermir. Düşünürəm ki, sözügedən istiqamətdə Daxili İşlər Orqanlarının fəaliyyəti təqdirəlayiqdir. Hər hansı təhqir və ictimai təhlükə yaradan məlumatlar yayılan zaman polis hərəkətə keçir və həmin şəxsləri məsuliyyətə cəlb edir. Həmin qrupa daxil insanlar cəzalandırılma ehtimalını gördükdə bu əməllərdən çəkinir. Polis orqanlarının fəaliyyəti öz müsbət təsirini göstərir”.

Millət vəkilinin sözlərinə görə sosial şəbəkələrin kontingentinə nəzər salsaq görərik ki, istifadəçilər arasında qanun və dəyərləri üstün tutan kifayət qədər vətəndaşlarımız var:

” Bu səbəbdən də mənfi kateqoriyaya daxil olan istifadəçilərin xisləti yaxşı bilinir. Hər kəsin dərk etməli olduğu 2 məsələ var. Biz hüquqi dövlətdə yaşayırıq və Azərbaycan xalqı yüksək dəyərlərə, insani prinsiplərə sahibdir. “Sosial şəbəkələr haqqında” qanun layihəsi Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilməyib. Qanun layihəsinin iş planına daxil edilməsi və qəbul edilməsi zərurətdən asılı olaraq gündəmə gələ bilər. Bu qanunun mövcud olmaması isə heç kimi məsuliyyətdən azad etmir. Qanunvericilik bazasında bu kimi məsələləri əhatə edən kifayət qədər maddələr var ki, onlar tövsif oluna bilər. Düşünürəm ki, haqqında danışdığımız problemin aradan qaldırılması üçün ənənəvi və faydalı metod olan maarifləndirmə işini hər zaman önə çəkmək lazımdır. Müxtəlif təsisatlar və cəmiyyətin aparıcı qüvvələrinin bununla əlaqədar insanları maarifləndirməsi ilə problemin həllinə qismən də olsa nail olarıq”.

Əməkdar jurnalist Elçin Mirzəbəyli Editor.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, internet resurslarında şərəf və ləyaqətin alçaldılması, eləcə də bu kimi vətəndaşların hüquqlarını pozan məlumatlar yayan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ölkə qanunvericiliyində hüquqi prosedurlar var, bununla bağlı müvafiq hüquqi-normativ aktlara əlavə və dəyişikliklər edilib:

“Qeyd edim ki, sosial şəbəkələrdə vətəndaşların hüquqlarını pozan, onlara qarşı yalan və böhtan xarakterli məlumatlar yayan, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd çağırışlar edən, terroru, separatizmi stimullaşdıran fəaliyyətlərin əhəmiyyətli hissəsi ölkə xaricindən həyata keçirilir. Bu kimi hallara, həmçinin ölkə daxilində eyni əməllərlə məşğul olanlara qarşı, konkret faktın mahiyyətinə uyğun olaraq, Baş Prokurorluq, hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən tədbirlər həyata keçirilir. Sosial şəbəkələrdə, əsasən millət vəkillərinin hədəf seçilməsinə gəldikdə isə, düşünürəm ki, bir çox hallarda bu, qanunverici orqanın təmsilçilərinin fikirlərinin məqsədyönlü şəkildə təhrif olunması ilə bağlı olur. Digər tərəfdən, parlamentdə bu və ya digər təbəqənin, yaxud qrupun maraq dairəsinə daxil olan qanun layihələrinin, xüsusilə də sosial məsələlərlə bağlı hüquqi-normativ aktların müzakirəsi zamanı, bəzi millət vəkillərinin çıxışları və ya arqumentləri, bəzən fikirlərin düzgün ifadə olunmaması, bəzən isə kontekstdən çıxarılaraq təqdim edilməsi səbəbindən sosial şəbəkələrdə müzakirəyə çıxarılır, qızışdırıcı, təhrikedici təqdimatla ictimai rəyə çatdırılır ki, bu da konkret şəxslərin hədəfə çevrilməsinə zəmin yaradır. Mən dəfələrlə millət vəkillərinin fotoları ilə yanaşı, onlara heç bir aidiyyatı olmayan təxribat xarakterli, ictimai rəyin tarıma çəkilməsinə xidmət edən fikirlərin paylaşıldığının şahidi olmuşam. Şübhəsiz ki, bütün bunlar konkret faktlar üzrə araşdırılmasına ehtiyac duyulan məsələlərdir və yanaşma da fərdi olmalıdır”.

E. Mirzəbəyli vurğulayıb ki, Milli Məclisdə “Sosial şəbəkələr haqqında” qanunun qəbul edilməsi təklifinə gəldikdə isə, bunun nə dərəcədə effektiv olacağı sual doğurur:

“Məlum olduğu kimi, sosial şəbəkələr qlobal layihələrdir və hazırda qlobal informasiya məkanında tənzimləyici hüquqi prosedurlar yoxdur. Sosial şəbəkələrin sərhədləri olmadığı üçün onun hansısa bir seqmentinə milli qanunvericiliyin tətbiqinin effektiv ola biləcəyini düşünmürəm. Ola bilsin ki, mümkündür. Amma mən belə hüquqi mexanizmlər haqqında məlumatlı deyiləm. Hətta filtrləmənin özü belə bu məsələdə əks-effekt verə bilər. Məsələn, insanlar sosial şəbəkələrə çıxış üçün VPN proqramlarından istifadə edə bilərlər ki, bu da nəticə etibarilə onların şəxsi məlumatlarının ələ keçirilməsinə imkan yarada bilər. Digər tərəfdən, vətəndaşın informasiya əldə etmək azadlığı var ki, bu fundamental hüquq olduğu üçün yalnız müstəsna hallarda, məsələn müharibə dövründə məhdudlaşdırıla bilər. Bu baxımdan da bəzi paralel mexanizmlərin işə salınmasına ehtiyac olduğunu düşünürəm. Məsələn, sosial şəbəkələr həm də biznes layihələridir. Azərbaycanda fəaliyyət göstərən, yaxud ölkə bazarında mövcud olan iqtisadi subyektlərin reklamlarının sosial şəbəkələrə yerləşdirilməsi ilə bağlı müəyyən mexanizmlərin tətbiqi mümkündür. Həm yerli media resurslarının imkanlarının, həm də daxili reklam bazarının genişlənməsi üçün sosial şəbəkələr vasitəsilə reklam və elan verən şirkətlərə və şəxslərə münasibətdə sərt vergi siyasətinin tətbiqi mümkündür. Çünki nəticə etibarilə onların sosial şəbəkələr vasitəsilə verdiyi reklamlardan Azərbaycan büdcəsinə heç nə daxil olmur. Bazar bizim olduğu halda onun marketinqi ölkədən kənarda olan resurslar tərəfindən tənzimlənir. Nəticədə istehlakçı həm də vətəndaş olaraq uduzur. Çünki onun xərclədiyi vəsaitin hesabına verilən reklamların 1 qəpiyinin onun sosial və digər problemlərinin həlli üçün dövlət büdcəsinə daxil olmur. Düşünürəm ki, bu məqamlar ətrafında hüquqi mexanizmlərin yaradılması barədə düşünsək, daha faydalı olar. Həm ölkəyə, həm də vətəndaşa…”

“Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldəniz isə Editor.az-a bildirib ki,  “Sosial şəbəkələr haqqında” qanununun Milli Məclisdə qəbul olunmazdan əvvəl “Media haqqında” qanunda olduğu kimi ictimai müzakirəsi keçirilməlidir:

” Media nümayəndələrinin, bu sahənin mütəxəssislərin, Gənclər təşkilatlarının, QHT nümayəndələrinin, ictimai və siyasi fəalların iştirakı ilə geniş müzakirələr təşkil olunmalıdır. Mən həmişə demişəm yenə də deyirəm ki, bütün ölkələrdə dövlət hər hansı bir qanun qəbul edəndə daha çox qadağaların olmasına çalışır. Media, ictimaiyyət isə daha çox azadlığın verilməsini tələb edir. Müzakirələr ortaq mərkəzə gəlməyə imkan yaradır. Bu baxımdan belə bir qanun qəbul olunacaqsa mütləq ictimai müzakirəsi təşkil edilməlidir. O ki, qaldı sosial şəbəkədə yalanın, böhtanın, şərin, təhqirin tuğyan etməsinə…Bu, tək bizdə deyil. Hər yerdə bu vəziyyətdir. İnzibati qaydada bu problemi qismən həll etmək mümkündür. Amma tam aradan qaldırmaq mümkün olmayacaq. Bunun üçün sosial şəbəkədə intellektli qrupların, səhifələrin sayını artırmaq, bir növ maarifləndirici, sivil siyasi və sosial müzakirələr aparılan media seqmentinə çevirmək lazımdır. Bunun üçün gənclərin fəallığı və intellekti çox önəmlidir. Yoxsa trollar ordusu yaradıb söyüşə söyüşlə cavab vermək, tənqidlərə təhqirlə münasibət bildirmək kimi halların qarşısını almaq elə də asan deyil. Tam izolə edib sosial şəbəkələri bağlamaq isə mümkün deyil”.

Baş redaktor qeyd edib ki,  Azərbaycanın öz milli sosial şəbəkəsini yaratmaq cəhdləri də olub:

“Amma effekt vermədi. Görünür, ya ciddiyə alıb maliyyə yatırılmadı, ya bunu yaratmağa ciddi mütəxəssislərimiz olmadı, ya da Feysbuk, Tviter kimi transmilli korporasiyalar imkan vermədi. Deputatlarımızı tənqid etməyə gəldikdə isə bunu da normal qarşılayıram. Bütün dünyada deputatlar ictimai-siyasi fəal və daimi nişangahda olan bir qrupdur. Onlar həmişə tənqid olunub və olunacaqlar. Təhqir və söyüşləri isə adətən intellekti tənqidə çatmayanlar edir. Bir də bəzi millət vəkillərimizin nüfuz məsələsində problemləri var. Seçkilərdə baş verən bəzi neqativlər bütün deputatların ünvanına yönəlir deyə nüfuz problemi yaranır. Millət vəkillərimizin cəmiyyətdə nüfuzu artdıqca söyüşlərin, təhqirlərin də sayı azalacaq. Ona görə deputatlarımız onlara qarşı yönələn tənqidlərə hətta təhqirlərə belə dözümlü yanaşmalı, deyilən, ünvanlanan fikirlərə, suallara cavab verib, aydınlıq gətirməlidirlər. Yalnız bu halda onlara qarşı cəmiyyətin simpatiyası yarana bilər”.