Van Qoqun “Ağ papaqlı kəndli qadının portreti” tablosu 4,5 milyon avroya satılıbbackend

NOS telekanalı xəbər verir ki, Maastrixtdə keçirilən Avropa təsviri incəsənət sərgisində Vinsent Van Qoqun “Ağ papaqlı kəndli qadının portreti” kimi tanınan tablosu 4,5 milyon avroya satılıb.

Əsərin satıcısı qismində Yeni Orleandan olan Amerika qalereyası M. S. Rau çıxış edib. Alıcı Avropadan kənarda öz muzeyi olan şəxsi kolleksiyaçı olub, lakin onun kimliyi açıqlanmayıb. 63×48 sm ölçüdə kətan üzərində yağlı boya ilə çəkilmiş rəsm Van Qoq tərəfindən 1884-cü ildə Hollandiyanın Nuenen şəhərində (indiki Eyndhoven şəhəri ətrafında) yaşayarkən yaradılmışdır.

Ötən il Hollandiyada Van Qoqun oğurlanmış tablosu tapılmışdı. Van Qoqun 3-6 milyon avro dəyərində olan “Nuenen, Bahardakı Kahin bağı” adlı tablosu polisin köməyi ilə holland sənət detektivi Artur Brand tərəfindən aşkar edilib. Rəssamın 1884-cü ildə çəkdiyi rəsm koronavirus pandemiyası səbəbindən karantin zamanı Amsterdam yaxınlığında yerləşən Singer Laren Muzeyindən oğurlanıb.

Mənbə: Lenta.ru