Zəngəzur dəhlizinin reallaşması “Orta Dəhliz” işə düşməsi deməkdirbackend

Məlum olduğu kimi, Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının “Orta Dəhliz”-in əhəmiyyətindən və dolayısı ilə Orta Dəhlizin icrası üçün Zəngəzur dəhlizinin açılması reallaşa biləcəyinə işarə edirdi.

Ermənistanla Azərbaycan arasında 2 il əvvəl sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatandan sonra ekspertlərin daha çox müzakirə etdikləri məsələlər sırasında məhz Zəngəzur dəhlizi də vardır. Bu məsələyə maraq nəinki azalmayıb, əksinə, ortaya onun əhəmiyyətini daha da qabardan yeni-yeni faktlar çıxmaqdadır. Bu Bu konfransda olduğu kimi dünyanın tanınmış siyasətçiləri və ekspertlər Zəngəzur dəhlizi ilə bağlı fikirlər bildirirlər.

Bunlar səbəbsiz deyil. Çünki Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Bu məsələ ərafında baş verən hadisələr göstərir ki, o, çoxparametrli, müxtəlif sahələri əhatə edən faktorlarla əlaqəlidir. Burada geosiyasi, siyasi, ideoloji, coğrafi, iqtisadi, sosial-mədəni, hüquqi və təhlükəsizlik məqamları bir-biri ilə vəhdət təşkil edir. Məhz həmin səbəbdən Zəngəzur dəhlizinin işə salınması adi hadisə deyil – onun arxasında müxtəlif vacib faktorlar dayanır.

Bu mülahizələr prizmasından Zəngəzur dəhlizi ilə əlaqəli olan bir sıra əhəmiyyətli məqamlara nəzər salmağa çalışaq. Hər şeydən öncə, Zəngəzurun son 300 illik tarixinin özəlliyini vurğulamaq lazımdır. Rusiya imperiyasının Cənubi Qafqaza gəlişi burada bir sıra ərazi-inzibati dəyişikliklərə səbəb oldu. Xüsusilə Azərbaycana aid olan ərazilərlə bağlı süni manipulyasiyalar çoxaldı. Keçən əsrin ilk onilliklərində Zəngəzurda da erməni terrorunun yaratdığı qanlı hadisələr baş verdi. Nəticədə 100 minlərlə türk yaşadıqları Zəngəzur ərazisindən deportasiya olundular. Sovetlərin gəlişi ilə isə Zəngəzuru süni yaradılan Ermənistan SSR-in ərazisi etdilər. Bununla da regionda tarixi və coğrafi bütövlük pozuldu.

Tarixən ticari-iqtisadi və mədəni-mənəvi ünsiyyətin əsas yollarından biri olan qədim Azərbaycan torpağı Zəngəzur, keçən əsrin 20-ci illərindən 2020-ci ilə qədər türk dünyasını ayıran, azərbaycanlı qardaşları bir-birindən təcrid edən, bölgə xalqlarının əlaqələrini kəsən, dünya ticarətinin bu coğrafiyadakı yoluna ciddi əngəl olan bir məkana çevrildi. Məhz bu reallıq prizmasından İkinci Qarabağ müharibəsinin Zəngəzur məsələsində nəinki region, hətta bütün dünya, o cümlədən türk dünyası üçün açdığı yeni imkanları tam təsəvvür etmək mümkündür.

Təsadüfi deyil ki, Çinin müxtəlif KİV orqanları, siyasətçiləri, analitikləri, iş adamları “Bir kəmər, bir yol” layihəsi çərçivəsində həmişə “Orta yol” adlandırdıqları nəqliyyat dəhlizinə ciddi önəm verir və həmin kontekstdə son zamanlar Zəngəzur dəhlizini mütləq vurğulayırlar. Bu dəhliz Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla yanaşı, Asiya-Sakit okean regionu ölkələrinə də böyük fayda verə bilər. Təbii ki, burada Çinin qazana biləcəyi daha çoxdur.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Asiya-Sakit okean regionu ölkələrini Zəngəzur dəhlizinin yaradılması imkanlarına diqqətlə yanaşmağa dəvət edib. İlham Əliyev bu barədə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışında konkret fikir bildirib. Azərbaycan Prezidenti vurğulayıb: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

Lakin bütün bunların reallaşması Zəngəzur dəhlizinin region ölkələri üçün oynadığı roldan birbaşa asılıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu aspektdə ifadə etdiyi fikir açar rolunu oynayır. Dövlət başçısı vurğulayıb: “Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır”.

Mövqe aydındır – Azərbaycanın dövlət başçısı Zəngəzur dəhlizini əməkdaşlıq, təhlükəsizlik, tarixi ədalətin bərpası, qlobal əlaqələrin davamlı olması istiqamətində atılmalı olan vacib addım kimi təqdim edir. Bunun da son dərəcə tutarlı əsasları vardır. Məsələ ondan ibarətdir ki, Zəngəzur dəhlizi hər şeydən əvvəl regional əməkdaşlıq qarşısında illərdir dayanan maneələrin aradan qaldırılmasına xidmət etməlidir. Burada məsələnin bir tərəfi Qarabağın Azərbaycana reinteqrasiyası ilə bağlıdırsa, digər aspekti kommunikasiyaların açılmasını əhatə edir. Hər iki məsələ isə regional əməkdaşlığa və sabitliyə imkan yaradacaq uyğun sazişin imzalanması ilə əlaqəlidir. Konkret olaraq Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasını, ərazi bütövlüyünün tanınmasını və regional əməkdaşlığı nəzərdə tutan uyğun sənədləri imzalamalıdır. Belə çıxır ki, Zəngəzur dəhlizi son nəticədə bütövlükdə regional əməkdaşlığın parlaq nümunəsi olmalıdır. O ciddi, ədalətli, hüquqi cəhətdən normal qaydalara əsaslanmalıdır. Ekspertlər bu səbəbdən Zəngəzur dəhlizini yalnız geosiyasi deyil, həm də siyasi, hüquqi, iqtisadi, nəqliyyat-logistika və digər faktorlarla əlaqədə analiz edirlər.

Beləliklə, Zəngəzur dəhlizinin işə düşməsi, Orta dəhlizin realaşması deməkdir və bu da faktiki olaraq, dünya miqyasında mühüm tarixi hadisə kimi qəbul edilir. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünya miqyasında müstəqil mövqeyi olan və sözünə qiymət verilən nüfuzlu dövlətdir!

Abbas Pənahov

YAP Nəsimi rayon təşkilatının sədr müavini