Psixoterapevt: “Pandemiya və müharibə insanları psixoloji cəhətdən yordu, ona görə..” – MÜSAHİBƏbackend

Son illərdə Azərbaycanda insanların sosial-psixoloji vəziyyəti ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Xüsusilə də artan zorakılıq fonunda baş verən hadisələr — ailə daxilində şiddət, qohumlar arasında qətllər, valideynin azyaşlı övladına fiziki təzyiq göstərməsi, eləcə də gənclər və məktəblilər arasında aqressiyanın artması, bıçaqlanma və qətl hallarının çoxalması — bir daha göstərir ki, cəmiyyətdə psixoloji durum heç də ürəkaçan deyil. Bu gün Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumiyyətlə, bu gün nə dərəcədə əhəmiyyətlidir? İnsanlar son illərdə niyə bu qədər aqressivdir?

Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.

– İnsanın sağlamlığına yalnız fiziki baxımdan deyil, bütöv yanaşmaq vacibdir. Sağlam olmaq bədənin, zehnin və sosial münasibətlərin vəhdətdə tam olması deməkdir. Düşüncə baxımından sağlam olmayan insanın qərarvermə qabiliyyəti zəifləyir, emosional tarazlığı itir və nəticədə həm özünə, həm də ətrafına zərər verə bilər. Psixi sağlamlığın pozulması yalnız fərdin həyat keyfiyyətini aşağı salmır, ailə münasibətlərinə, iş mühitinə, ümumilikdə cəmiyyətə də ciddi mənəvi və maddi təsir göstərir. Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunması insanlara xatırladır ki, psixi rifah ümumi sağlamlığın ayrılmaz hissəsidir. Bu gün maarifləndirməni gücləndirmək, mövcud damğaların və stereotiplərin aradan qaldırılmasını təşviq etmək məqsədi daşıyır. Əsas məqsəd insanların psixi sağlamlığın qorunmasına məsuliyyətlə yanaşmasını və profilaktik tədbirlərin vacibliyini dərk etməsidir. Psixi sağlamlıq gələcəyin strateji resursudur. Sağlam düşüncə tərzi olmadan nə sosial inteqrasiya, nə davamlı inkişaf mümkündür. Elm və təcrübə göstərir ki, psixoloji və emosional cəhətdən sağlam fərdlərin formalaşdırdığı cəmiyyət innovasiyalara açıq, əməkdaşlığa hazır və sülhə meyilli ola bilər. Ümumdünya Psixi Sağlamlıq Günü insanlara xatırladır ki, sağlam gələcəyin təməli sağlam düşüncə üzərində qurulur.

*Rövşən bəy, ətrafımızda bəzən qeyri-adekvat hərəkət edən insanlarla üzləşirik. Bəlkə də hansısa hadisəyə görə onda bu vəziyyət yaranır. Ümumiyyətlə, “Psixi sağlamlıq” anlayışını daha dərindən analiz etsək, bu kimi halları necə ayırd edilir və diaqnoz qoyulur?

– Psixi sağlamlıq insanın emosional tarazlığını, idrak qabiliyyətini və sosial münasibətlərdə adekvat davranışını təmin edən əsas amildir. Bu, yalnız psixi xəstəliklərin olmaması ilə deyil, həm də fərdin daxili rifahı, gündəlik həyatın tələblərinə uyğunlaşma bacarığı, stresi idarə etmə və öz potensialını reallaşdırma imkanları ilə müəyyən olunur. Elmi yanaşmada psixi sağlamlıq məhsuldar fəaliyyət, sabit və konstruktiv sosial münasibətlər qurmaq qabiliyyəti ilə ölçülür, onun qiymətləndirilməsi isə müşahidə, klinik müsahibə, psixometrik testlər və davranış analizləri vasitəsilə aparılır. Əgər insanın düşüncə və davranışları yaşına və sosial roluna uyğun gəlmirsə, emosional gərginlik uzunmüddətli xarakter daşıyır və bu vəziyyət həm özünə, həm də ətrafına mənfi təsir göstərirsə, psixi sağlamlığın pozulmasından danışmaq olar. Sağlam psixoloji durum isə fərdin intellektual və emosional potensialını tam ifadə etməsinə və cəmiyyətdə harmonik, səmərəli iştirakına şərait yaradır.

* O da qeyd edilir ki, daha çox psixi sağlamlığı zəif olanlarda müxtəlif xəstəliklər əmələ gəlir…

-Psixi sağlamlıq fiziki sağlamlıq qədər önəmli sayılmalıdır, çünki insanın əmək fəaliyyəti, şəxsi münasibətləri və ictimai həyatda mövqeyi bilavasitə onun psixoloji vəziyyətindən asılıdır. Psixi sağlamlığı pozulmuş insan öz davranışını adekvat şəkildə tənzimləyə bilmir, qərarvermə qabiliyyəti zəifləyir, nəticədə həm özünə, həm də ətrafdakılara zərər vurur. Fiziki sağlamlıq çox vaxt həyat tərzi və fərdi vərdişlərlə tənzimlənə bilir, həmçinin dərman və cərrahi müdaxilə ilə bərpa olunma imkanları genişdir. Psixi sağlamlıq isə daha mürəkkəbdir, çünki burada yalnız tibbi müalicə kifayət etmir, sosial dəstək, psixoloji yardım və uzunmüddətli reabilitasiya prosesinə ehtiyac yaranır. Düşüncənin dəyişməsi təkcə dərmanla mümkün olmur, bunun üçün psixoterapiya, sosial inteqrasiya və davamlı maarifləndirmə tələb olunur. Elmi tədqiqatlar göstərir ki, psixi sağlamlığı zəif olan insanın fiziki sağlamlığı da sabit qalmır, çünki orqanizmdə stres hormonlarının artması, immun sisteminin zəifləməsi və somatik xəstəliklərin yaranması müşahidə olunur. Buna görə də sağlam cəmiyyət qurmaq üçün psixi sağlamlığın qorunması fiziki sağlamlıq qədər, bəzən ondan da artıq əhəmiyyət daşıyır. Sağlam düşüncənin formalaşması birgəyaşayış mədəniyyətini gücləndirir, insanların bir-birinə mane olmadan harmonik şəkildə fəaliyyətini təmin edir.

* Hələ də insanlar elə bilir ki, psixoloq ya da psixoterapevtə dəlilər, ya da əqli problemi olanlar müraciət etməlidir…

– Müasir dövrdə psixi sağlamlıq məsələlərinə yanaşma tədricən inkişaf etsə də, hələ də cəmiyyətlərdə stereotiplər və yanlış təsəvvürlər güclü olaraq qalır. Bu stereotiplərin aradan qalxması üçün uzunmüddətli maarifləndirmə və mütəxəssislərin ardıcıl fəaliyyəti tələb olunur. İnsanlara aydın olmalıdır ki, sağlamlıq yalnız bədənlə məhdudlaşmır, zehni rifah da onun ayrılmaz hissəsidir. Necə ki, insan qolu sınanda vaxtında həkimə müraciət etməsə, bu, şişkinliyə, əyriliyə və davamlı ağrılara səbəb olur, psixi pozuntular da diqqətdən kənarda qalanda ağırlaşır, davranışda və emosional vəziyyətdə qalıcı fəsadlar yaradır. Bu hal insanı əmək fəaliyyətindən, şəxsi və ictimai həyatdan məhrum edə, onu cəmiyyətdən təcrid edə və aqressivliyə gətirib çıxara bilər. Psixi sağlamlıq problemlərinin vaxtında diaqnostikası və müalicəsi, həm dərman, həm də psixoterapevtik müdaxilə ilə yanaşı sosial dəstəyin verilməsi insanın həyat keyfiyyətini bərpa etməyə və cəmiyyətə inteqrasiyasını təmin etməyə imkan yaradır. Bu səbəbdən də psixi sağlamlıq mövzusu ictimai maariflənmənin əsas istiqamətlərindən biri olmalıdır.

* İnsanlar pandemiya, müharibə dövrünü yaşadı. Bu dövrdə sosial-psixoloji gərginlik insanların səhhətinə də təsirsiz ötüşmədi. İnsanlarda depressiya, gələcəyə inamsızlıq hökm sürür…

– Pandemiya, müharibə və sosial gərginlik dövrləri insan psixikasına ciddi təsir göstərərək psixi sağlamlığın aktuallığını ön plana çıxarır. Pandemiya zamanı sosial təcrid, qeyri-müəyyənlik və daimi qorxu hissi insanlarda təşviş pozuntusu, panik atak və depressiyanın artmasına gətirir. Uzun müddət ev şəraitində qalmaq, məhdud sosial əlaqələr və rəqəmsal fəaliyyətlərin həddən artıq genişlənməsi tənhalıq hissini daha da gücləndirir. Müharibə şəraitində həm hərbi əməliyyatlarda birbaşa iştirak edənlər, həm də mülki əhali posttravmatik stres pozuntusu, travmadan sonrakı şəxsiyyət dəyişiklikləri və ümidsizlik hallarını yaşayır. Sosial gərginlik dövrlərində insanlar arasında rəqabət, etimadsızlıq və aqressiv davranış meyilləri artır. Belə vəziyyətlərdə avtomatik düşüncələrin reallıqla müqayisə edilməsi bacarığı zəifləyir, nəticədə adekvat ünsiyyət və sağlam münasibətlər zərər görür. Bütün bu faktorlar göstərir ki, psixi sağlamlığın qorunması yalnız fərdi məsələ deyil, eyni zamanda ictimai məsuliyyət tələb edən prosesdir. Sağlam düşüncə şəxsi rifahla məhdudlaşmır, o həm də cəmiyyət daxilində sosial münasibətlərin möhkəmlənməsi, ekoloji tarazlığın qorunması və gələcək nəsillərin təhlükəsizliyinin təmininə yönəlir.

* Özünü xoşbəxt hiss etmək psixi sağlam olmaq anlamına gəlirmi?

– Özünü xoşbəxt hiss etmək, psixi sağlamlığın mühüm göstəricilərindən biri sayılsa da, tam mənada eyni anlayış deyil. Xoşbəxtlik subyektiv xarakter daşıyır və hər bir fərdin dəyərləri, məqsədləri və sosial mühiti ilə sıx bağlıdır. O yalnız emosional yüksəliş kimi deyil, həm də həyatına məna qatmaq, öz varlığını dərk etmək və başqaları üçün faydalı olmaqla təzahür edir. Bu baxımdan, xoşbəxtlik anlıq sevincdən fərqlənir. Sevinc keçici ola bilər, lakin xoşbəxtlik insanın həyatına bütöv yanaşmasını, dərin mənəvi və sosial tarazlığını ifadə edir. Psixi sağlamlıq isə yalnız şəxsi məmnuniyyətlə məhdudlaşmır. O həm də sosial münasibətlərdə adekvat davranmaq, emosional sabitliyi qorumaq və streslə konstruktiv şəkildə mübarizə aparmaq bacarığını əhatə edir. Sağlam psixika fərdin yalnız öz rifahını deyil, eyni zamanda başqalarının rifahını nəzərə almasını, cəmiyyətə fayda verməsini və sosial məsuliyyət daşımasını tələb edir. Xoşbəxtlik psixi sağlamlığın nəticəsi və göstəricisi ola bilər, lakin onunla eyniləşdirilməməlidir. Sağlam düşüncə odur ki, insanın həm daxili məmnuniyyətini, həm də sosial mühitlə uyğunluğunu təmin etməsidir.

O ki qaldı, insanın daxili dünyası ilə ətraf mühit arasındakı münasibətə, bu psixi sağlamlığın formalaşmasında əsas amillərdən biridir. Şəxsi kimlik və daxili dəyərlər cəmiyyətin təqdim etdiyi normalar və gözləntilərlə uzlaşmadıqda psixi gərginlik, narahatlıq və özünüifadə məhdudiyyəti yarana bilər. İnsan daxilən azad yaradıcılıq və fərdilik axtarır, lakin ətraf mühitin sosial, mədəni və iqtisadi təzyiqləri bu azadlığı məhdudlaşdıra bilər. Nəticədə, şəxsiyyətin daxili və xarici tələbləri arasında uyğunsuzluq dissonans yaradır ki, bu da depressiya, təşviş pozuntusu və özünəqapanma ilə nəticələnə bilər. Psixi sağlamlıq üçün vacib olan, fərdin daxili ehtiyacları ilə cəmiyyətin tələbləri arasında tarazlıq yaratmaqdır. Ətraf mühit dəstəkləyici, qəbul edən və fərdi özünüifadəyə imkan verən olduqda insan öz dəyərlərini qərəzsiz şəkildə ifadə edə bilir. Bu isə emosional sabitlik və sağlam sosial münasibətlərin bərqərar olmasına xidmət edir. Daxili dünya ilə ətraf mühit arasında harmonik əlaqə insanın psixi rifahının qorunmasında mühüm şərtdir.

Afaq Mirayiq,
Musavat.com