Qarabağ regionun inkişafı üçün vacib olan amillər –  ŞƏRHbackend

“Azərbaycan Vətən müharibəsində azad etdiyi torpaqların dirçəlməsi prosesini elə müharibə davam etdiyi müddətdə başladı. Döyüş əməliyyatları ilə paralel infrastruktur layihələrinin icrası ölkənin hərtərəfli gücə malik olmasının göstəricisidir”.

Bu fikri Editor.az-a açıqlamasında  Milli Məclisin deputatı Şahin İsmayılov Qarabağa “Böyük Qayıdış”la bağlı görülən işlər barədə danışarkən deyib.

  

Millət vəkili bildirib ki, müharibə bitdikdən sonra bu prosesin sürətlənməsi, “Böyük Qayıdış”ın başlanması Azərbaycan dövlətinin qüdrətini bütün dünyada bəyan edir:

“Müstəqil Azərbaycanın işğal prosesindən gördüyü ziyan, 1-ci Qarabağ müharibəsinin yaratdığı çətinliklər, işğalçı dövlətin mənimsəmə siyasəti, hərb sahəsinin gücləndirilməsi üçün lazım olan vəsait, ekoloji terror, ərazilərin minalanması və Vətən müharibəsindən sonra dövlət büdcəsində sosial paketin miqdarının artırılması və bu kimi bir çox amillərə baxmayaraq Azərbaycan Böyük Qayıdış prosesi ilə dünyada nümunə yaradır. Qarabağ və Şərqi Zəngəzurda görülən işlər miqyası və keyfiyyətinə görə kifayət qədər uğurludur. İşğaldan azad edilən torpaqların iqtisadi baxımdan böyük potensialı var. Bu amil yaxın gələcəkdə ölkə iqtisadiyyatına da müsbət mənada təsir edəcək.

Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra edilir. Dövlət Proqramında müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planı hazırlanmış və icrasına başlanmışdır. Təbii ki, Proqramda yer alan fəaliyyətlərdən əksəriyyəti icrasına başladığımız işlərin davamıdır. Tədbirlər Planında qeyd olunan əsas fəaliyyətlərdən bir çoxu artıq tam şəkildə icra olunub. Bir çox infrastruktur layihələrinin icrası davam edir. Bir sıra böyük layihələrin icrasına isə yaxın gələcəkdə başlanacaqdır. Bu layihələr yalnız yerli xarakter daşımır. Qlobal əhəmiyyətli layihələr də Tədbirlər Planında yer alır. Qarabağ və Şərqi Zəngəzurda icra olunan layihələr nəqliyyat infrastrukturu, turizm obyektləri, mədəniyyət tədbirləri də daxil olmaqla bir çox istiqamətləri əhatə edir. Qarabağın gözü olan Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsi, Burada imzalanan sənədlər, keçirilən mədəniyyət tədbirlərinin hər biri bu torpaqların əsl sahiblərinin qayıdışını simvolizə edir”.

Ş.İsmayılov onu da qeyd edib ki, Azərbaycan dövləti Böyük Qayıdış üçün lazım olan bütün işlərin icrasını yaxşı formada həyata keçirir:

“Bu əziz torpaqlara dönməyə tələsən vətəndaşların həsrətinə son qoyulmaqdadır. Vətəndaşların üzərinə düşən məsuliyyət isə mina təhlükəsi ilə bağlıdı. İşğaldan azad olunan torpaqlara gizli yollarra səfər etmək təhlükəlidir. Bu qaydalara əməl etməklə dövlətə dəstək vermiş olarıq. Yaxın bir neçə ilə ərzində nəinki insanlar doğma yurd-yuvalarına qayıdacaqlar, onlar dünyada inkişaf tempinə görə xüsusilə fərqlənən yaşayış məntəqələrində yaşayacaqlar”.

Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov mövzu ilə bağlı Editor.aza bildirib ki, Qarabağ iqtisadi regionunda geniş miqyaslı tikinti-quraşdırma işlərinin sürətlənməsi regionun yaxın gələcəkdə böyük inkişafına ümid yaradır:

“İlk öncə vacib hesab edilən infrastrukturun layihələrin həyata keçirilməsi: yolların, hava limanlarının, dəmir yollarının, körpülərin, elektrik stansiyaların tikilməsi gələcək iqtisadi layihələrin reallaşması üçün mühüm əhəmiyyət kəsb edir. Bölgənin şərq-qərb nəqliyyat qovşağında yerləşməsi, zəngin təbii qaynaqları, əlverişli iqlimi, faona və florası, əlverişli türizm potensialı qeyd olunan işlərin tezliklə reallaşmasını vacib edir. Digər tərəfdən, Azərbaycan dövlətinin atdığı çevik və adekvat addımlar bölgənin iqtisadi inkişafını təmin etməklə bərabər, həm də məcburi köçkünlərin yenidən öz doğma yurdlarına köçürülməsi məqsədini daşıyır. Əhalinin məskunlaşması dövlətin suverenliyinin möhkəmlənməsi üçün mühüm amil olduğunu və bu baxımdan məsələnin daha çox siyasi mahiyyət daşıdığını nəzərə aldıqda Azərbaycan dövlətinin bu işdə çevikliyini  başa düşmək çətin deyil. Əsasən də sərhəd rayon olan Laçına əhalinin köçürülməsi dediklərimizi bir daha təsdiq edir.Amma düşünürəm ki, işlərin çevikliyi ilə bərabər yüksək dəqiqliklə, düşünülmüş, yaradıcı formada həyata keçirilməsi daha doğru olardı. Regionun tamamilə yenidən qurulması fürsətindən istifadə edərək, tarixi ənənələri saxlamaq şərtilə yeni konsepsiyanın, müasir yanaşmanın, liberal və şəffaf vergi siyasətinin, uzun müddətli güzəştlərinin, azad və rəqabətli bazar münasibətlərinin tətbiq edilməsi məqsədəmüvafiqdir. O cümlədən, idarəetmənin çevikliyinin, dayanıqlığının, ədalətli hüquq sisteminin təmin edilməsi üçün yüksək ixtisaslı, geniş dünyagörüşlü, yaradıcı, savadlı, vicdanlı kadrların cəlb olunması istiqamətində lazımi addımların atılması mütləqdir.  Əks halda köhnə düşüncənin, ənənəvi idarəetmə modelinin, mövcud iqtisadi prinsiplərin, münasibətlərin qorunub saxlanılması, güclü və qüdrətli dövlətin yaranması yolunda mane olduğu da açıq görünür. Bu baxımdan, regionda daha tez və dayanıqlı iqtisadi irəliləyişə nail olmaq üçün dünyanın qabaqcıl və bu sahədə ciddi uğur qazanmış dövlətlərinin təcrübəsindən geniş istifadə edilməsi tələb olunur”.