Azərbaycan Dili – Mənim Milli Kimliyimbackend

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca amillərdən biri onun Ana dilidir”. Dil xalqın ən böyük sərvətidir. Hər bir xalqın dili onun milli varlığını müəyyən edən ən başlıca amillərdəndir. Azərbaycan dili lüğət tərkibinə, fikri ifadə etmək imkanlarına görə zəngin bir dil olmaqla yanaşı, həmçinin çox qədim tarixə malikdir. Azərbaycan dili də xalqımız keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, ən ağır günlərində milli mənliyini qorumuşdur. Heydər Əliyev öz çıxışlarında qeyd edirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, tarixi abidələr də millətin milliliyini təsdiq edir, amma millətin milliliyini, xarakterini, mentalitetini ən birinci təsdiq edən onun dilidir”.

Milli tarixi yaddaşın bərpasına çalışan Ümumilli liderimiz Azərbaycan xalqının və eləcə də bütün türkdilli xalqların böyük yazılı tarixi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanın yaranmasının 1300 illik yubileyini (20 aprel 1997-ci il) ədəbiyyatımızın, mədəniyyətimizin bayramı kimi qeyd etmişdir. Əgər 1300 ildən də öncə bu dastanının yaranması üçün xalqımızın nə qədər çalışdığını və nəhayət, bu tarixi abidəni yaratdığını nəzərə alarsaq, onda təsəvvür edə bilərik ki, bizim xalqımızın nə qədər qədim tarixə, dərin köklərə və zəngin mədəniyyəti malikdir.

Ümummilli liderimiz həmçinin onu da qeyd edridi ki, Ana dilini bilməklə yanaşı, həm də onu sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Heydər Əliyev dil məsələsinə millətin mənəvi tarixi məsələsi kimi baxaraq göstərirdi ki, Nizamini, Nəsimini, Füzulini, Vaqifi, Sabiri, C.Məmmədquluzadəni oxuya bilməyən tariximizi, mədəniyyətimizi, mədəni köklərimizi bilməyəcək və bütün bunları bilməyəndə, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır.

Heydər Əliyev Ana dilimizə hər zaman milli-mənəvi, təbii sərvətimiz kimi yanaşaraq, onun siyasi nüfuzunun yüksəldilməsi, ana dilimizin tədrisi, anadilli nəşrlərin həcminin artırılması, sözün həqiqi mənasında dövlət dili səviyyəsinə qalxması üçün olduqca böyük işlər görmüşdür. 1995-ci il 12 noyabr tarixli Azərbaycan Respublikası Konstitusiyasının “Dövlət dili” adlanan 21-ci maddəsində qeyd olunan “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” cümləsinin belə özü Ana dilimizin nə “türk dili”, nə də “Azərbaycan türk dili (türkcəsi)” deyil, məhz “Azərbaycan dili” kimi qəbul edilməsi Ümummilli liderimiz Heydər Əliyevin dil siyasətinin əsas prioriteti olaraq, xalqımızın milli birliyini, bütövlüyü, etnosiyasi kompaktlığı ifadə etmək məqsədi daşıyır.                                 Bu qərar nəinki, Azərbaycan türklərinin, eləcə də bütövlükdə Azərbaycan xalqının siyasi iradəsini əks etdirir. Həmçinin onu da qeyd edək ki, dünya azərbaycanlılarının birliyinin göstəricisi kimi Azərbaycan dili amili mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, müxtəlif bölgələri gəzib yerli əhali ilə görüşən, xalqla öz ana dilində – anlaşıqlı bir üslubda danışan və nəticə etibarilə dövlətlə xalq arasında ünsiyyət yaradan Heydər Əliyev milli dil siyasətinin ən böyük təbliğatçı ziyalısı olaraq yüksək səviyyədə şəxsi nümunə göstərmişdir.  Azərbaycan dilini Azərbaycan xalqının ən böyük sərvəti hesab edən Ümummilli liderimiz çıxışları zamanı milli dövlət quruculuğu prosesinin mühüm şərtlərindən olan xüsusi rəsmi dil üslubunun formalaşmasının zəruriliyini vurğulayırdı. Heydər Əliyev Azərbaycan dilini müstəqil dövlətçiliyin əsas rəmzlərindən sayaraq, onun inkişafı, zənginləşməsi və saflaşması naminə bütün siyasi çətinliklərə baxmayaraq, məqsədyönlü işlər həyata keçirmişdir.

Azərbaycan dili yüzilliklər, minilliklər boyu xalqımızın varlığını yaşatmış əvəzsiz hadisədir. Hər bir azərbaycanlı öz Ana dilini, dinini, milli adət-ənənələrini unutmamalı, onları daima yaşatmalı, nəsilədən-nəsilə ötürərək qorumalıdır. Hal-hazırda cənab Prezidentimiz İlham Əliyev də Ümummilli liderimizin siyasi-ideoloji xəttini uğurla davam etdirərək, Ana dilimizin təbliğinin, saflığının qorunmasının və inkişafı qayğısına qalaraq bir çox işlər görür.

 

Aynur Şərifqızı

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının məsləhətçisi