Gəncənin “Kəpəz” Peşəkar Futbol Klubu bu gün baş məşqçi Adil Şükürov ilə yollarını rəsmən ayırıb. Buna səbəb komandanın cari mövsümdə keçirdiyi dörd qarşılaşmadan məğlub ayrılması, rəqib qapıya gəncəlilərin top vura bilməməsidir. Bəs “Kəpəz”də əslində nə baş verir? Kimdir əsl müqəssir?
İctimai.az xəbər verir ki, ilk vaxtlar komandada maliyyə problemləri əsas gətirilərək rəhbərlik tərəfindən azarkeşlərin gözünə kül üfürüldü. İndi də məqam çatdı, ötən il “Kəpəz”i aşağı dəstəyə yuvarlanmaqdan xilas edən Adil Şükürov yola salındı. Bu rəhbərliyin gördüyü tədbirlər. Azarkeşlər isə tamamilə başqa fikirdədir.
Sosial şəbəkələrdə klubun rəhbərliyində təmsil olunan şəxslər tənqid olunur, məhz onlar istefaya dəvət olunurlar. Başda müşahidə şurasının sədri İlqar Nadiri olmaqla, klubun icraçı direktoru Cabir İbrahimov da hədəfdədir. İllərdir uşaq futbolunda uğurun olmaması da baş məşqçinin ayağına yazılmalıdır? Yoxsa klubun israf olunan vəsaitləri? Qohumçuluq prinsipi ilə təyinatlar aparan, qapıya gələnlərə pul paylayan, daha neçə qanunsuz işlər aparan rəhbərlik anlamır ki, uğursuz nəticənin səbəbkarı məhz onlardır. Klubun keçmiş veteranları qalıb kənarda, futboldan anlayışı olmayanlar indi Gəncə futbolunu məhvə sürükləyir. Bəli bu gün Gəncə futbolu öz tənəzzül dövrünü yaşayır. Veteranlar isə susqundur. Hadisələrin necə cərəyan edəcəyi ilə bağlı isə heç kim fikir yürüdə bilmir.
Azarkeşlərin yarısı Tərlan Əhmədovu arzulayır. Yarısı veteranların klubun idarəçiliyini ələ almasını gözləyir. Görünən dağa nə bələdçi?! Gəncə futbolunu bu vəziyyətdən xilas edə biləcək yeganə şəxs Mehman Allahverdiyevdir. Müstəqillik illərində “Kəpəz”i çempion edən şəxsə yenə də ehtiyac duyulur. Gəncə futbolunun əfsanəsinin geri dönüb-dönməyəcəyi isə indi müzakirə mövzsudur. Ən azından çoxsaylı azarkeşlər artıq bu məsələni AFFA rəhbərliyinə çatdırmaqda israrlıdır. Hər şeyi isə zaman göstərəcək. Futbol sahəsində heç bir uğuru olmayan Nadiri yoxsa Gəncə futboluna titullar qazandırmış Allahverdiyev.
Qeyd edək ki, əslən gəncəli olan Mehman Allahverdiyev Azərbaycanın ən titullu məşqçilərindəndir. O, “Kəpəz”in baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Allahverdiyev həm məşqçilik karyerası ərzində, həm də sonradan icraçı direktor kimi yalnız “Kəpəz”də çalışıb.