“Müasir çağırışlar medianın inkişafı üçün yeni mərhələnin başlanmasını şərtləndirir”backend

“Hesab edirəm ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi qanunvericlilik bazasının təkmilləşdirilməsi, milli mediamızın müasir dövrün tələb və çağırışlarına uyğunlaşdırılması baxımından zəruridir”.

İctimai.az xəbər verir ki, bunu  Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib. Deputat vurğulayıb ki, qanun layihəsi medianın inkişafına xidmət edən əhəmiyyətli təşəbbüsdür:

“Onu da qeyd etmək lazımdır ki, layihənin hazırlanması prosesində media nümayəndələri və ekspertlərlə fikir mübadiləsi aparılmış, layihənin müzakirəsi təşkil olunmuşdur. Dövlət ötən dövr ərzində medianın inkişafı üçün bir çox önəmli işlər sərgiləyib. Hal-hazırda da informasiya məkanında uğurların əldə edilməsi prioritet istiqamət kimi qəbul edilir. Sözügedən qanunverici təşəbbüs yalnız müsbət mənada dəyişikliklərin əldə olunmasına xidmət edəcək”.

Millət vəkilinin sözlərinə görə, müasir çağırışlar medianın inkişafı üçün yeni mərhələnin başlanmasını şərtləndirir:

“Media sahəsində münasibətlərin tənzimlənməsinə xidmət edən qanun layihəsi yeni imkanlar yaradacaq. Həmçinin vahid reyestrin yaradılmasını təmin edəcək, sui-istifadə və bu kimi neqativ halların qarşısını alacaq, sağlam rəqabət mühiti yaradacaq. Keyfiyyətli xəbər istehsalına daha yaxşı şərait yaradacaq və ümumilikdə, medianın inkişafında mühüm irəliləyişlərin əldə olunmasını təmin edəcək. Media Reyestri adı altında media subyektlərinin sayının müəyyənləşdirilməsi, onların və işçilərinin hüquqlarının müdafiəsi üçün effektiv mexanizmin formalaşdırılması, akkreditasiya prosedurunun sürətli və səmərəli həyata keçirilməsi  bu kimi işlərlə media sahəsində fəaliyyətin stimullaşdırılması missiyasını yerinə yetirəcək. Reyestrə daxil edilmiş işçilərə vahid jurnalist vəsiqəsinin verilməsi onların jurnalist kimi fəaliyyət göstərməsini asanlaşdıracaq. Qanun jurnalistlərin xidməti müqavilə ilə çalışmasını da qadağan etmir. Vurğulamaq lazımdır ki, qanunverici təşəbbüs hər şeydən əvvəl bu sahənin inkişafına yönəlib. Təbii ki, inkişaf strategiyası media subyektlərini əhatə etdiyi kimi, media nümayəndələrini də əhatə edəcək. Bir sıra digər məsələlərə diqqət çəkmək istəyirəm. Belə ki, qanun vətəndaş jurnalistikasının fəaliyyətinə heç bir qadağa qoymur, sosial media və blogerlərin fəaliyyətini əhatə etmir, internet televiziyalarnın lisensiya almadan fəaliyyət göstərməsini məhdudlaşdırmır. Çap mediası və onlayn media subyektləri yenə də dövlət qurumundan icazə almadan təsis edilə bilər. Bu ardıcıllığı media subyektləri və media nümayəndələrinin xeyrinə artıra bilərik. Qanun heç bir halda əngəl yaratmır, əksinə yeni imkanlar yaradır”.