Nurlan Şakiroğlu: “Sivilizasiyaların şəhərsalmada rolu və bunun Qarabağda tətbiqi imkanları” – FOTObackend

Şəhərsalma – şəhərlərin planlaşdırılması və qurulmasıdır. Şəhərsalma həm də funksional və praktiki (iqtisadi, demoqrafik, tikinti-texniki, sanitariya-gigiyena) və estetik (memarlıq və bədii) vəzifələri hərtərəfli həll edən memarlıq və tikinti sahəsi kimi müəyyən edilir. Şəhərsalma yaşayış binalarının, şəhərlərin, kəndlərin maddi-məkan mühitini formalaşdırır, geniş məskunlaşma sistemlərinin landşaftını məkan baxımından təşkil edir. Bir çoxları hələ də onu yalnız memarlığın bir hissəsi hesab edirlər.

Dünyanın ən qədim şəhərləri məlum olduğu kimi ən qədim dövlətlərin ərazilərində formalaşmış və inkişaf mərhələləri keçmişlər. Lakin tarixin müəyyən mərhələlərində həmin şəhərlərin bir çoxu müharibə, işğalçılıq və digər səbəblərdən tənəzzülə uğramış və tarixin yaddaşına qovuşmuşdur. Buna baxmayaraq elə şəhərlər də var ki, onlar öz inkişafını qoruyub saxlayaraq müasir dövrümüzə qədər gəlib çatmış və öz zəngin tarixi-memarlıq abidələri ilə dünya şəhər inciləri arasında əhəmiyyətli yer tutmaqda davam edirlər. Belə şəhərlərə Misirin İsgəndəriyyə, Yunanıstanın Afina, İtaliyanın Roma, Çinin Sian, Suriyanın Dəməşq və digərini, o cümlədən də ölkəmizin ən qədim və zəngin tarixə malik olan Gəncə şəhərini misal çəkmək olar. Ümumiyyətlə sivilizasiyaların şəhərsalma tarixinə nəzər yetirsək Misir, Qədim Yunan, Qədim Roma, Bizans, Çin, orta əsrlərdə formalaşan və günümüzə qədər öz aktuallığını qoruyub saxlayan şəhərsalma nümunələri mövcuddur.

­­­­­Qeyd olunanlarla yanaşı XIX-XX əsrlərdə dünya tarixində baş verən dağıdıcı müharibələrdən sonra məhz optimal şəhərsalma mədəniyyəti nəticəsində olduqca gözəl, səliqəli, göz oxşayan binaları, memarlıq abidələri və digər özəllikləri özündə ehtiva edən şəhərlər formalaşmışdır. Belə ki, I və II Dünya Müharibəsindən ən çox ziyan çəkən və böyük dağıntılara məruz qalan Berlin, Hiroşima, Naqasaki kimi şəhərlər məhz peşəkar şəhərsalma mədəniyyəti nəticəsində özünün əvvəlki memarlıq üslubunu restavrasiya edib saxlamaqla yanaşı müasir tələblərə cavab verən binaları, parkları, xiyabanları, yolları, körpüləri və əhalinin rahatlığı üçün hər cür şəraiti özündə əks etdirməklə hazırda dünyanın ən gözəl şəhərləri arasında özünəməxsus yer tutmaqdadırlar. Məhz bu cür şəhərsalma təcrübələrindən, eləcə də müasir dövrün tələbləri əsasında yeni texnologiyalara əsaslanan şəhərsalma mədəniyyətindən faydalanaraq yeni tipli şəhərlərin salınması davamlı inkişafın əsas göstəricilərindəndir.

Məlum olduğu kimi Qarabağ torpaqlarımız da son 30 ilə yaxın idi ki, işğal altında idi və erməni vandallarının tarixdə görünməyən təcavüzünə məruz qalmışdı. Lakin 2020-ci ilin sentyabrın 27-də genişmiqyaslı əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsi sayəsində işğalçı Ermənistan silahlı qüvvələri doğma Qarabağ torpaqlarımızdan çıxarıldı və ərazi bütövlüyümüz bərpa edildi.

İndi qarşıda duran əsas məqsəd məhz şəhərsalma mədəniyyətinin ən son nailiyyətlərindən faydalanmaqla Qarabağda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən də işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Belə ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə məlumatların etibarlı və mərkəzləşdirilmiş elektron mühitdə toplanması, həmçinin dövlət qurumları, özəl sektor,  hüquqi və fiziki şəxslər tərəfindən aidiyyəti üzrə planlaşdırılan, layihələndirilən və həyata keçirilən mina təmizləmə, təhlükəsizlik, idarəetmə, ərazilərdən istifadənin planlaşdırılması və şəhərsalma, məskunlaşma, təbii resurslardan istifadə və ətraf mühitin qorunması, infrastruktur, iqtisadiyyatın bərpası və dayanıqlı inkişafı sahələrində tədbirlər barədə məlumatların inteqrasiyası əsasında vahid rəqəmsal məkanda toplanılması, emalı və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geo-İnformasiya Sistemi işlənib hazırlanmış və ümumi istifadəyə verilmişdir.

İlkin inventarlaşdırılması aparılmış bütün əmlakların texniki ölçüləri, coğrafi koordinatları, daşınmaz əmlakın yararlılıq vəziyyəti və istifadə təyinatına dair məlumatlar qeyd edilmiş, foto təsvirləri məlumat bazasına əlavə edilmişdir. Bütün bunlar gələcəkdə Qarabağ ərazisində müasir tipli şəhər və kəndlərin formalaşması və davamlı inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Hazırda müasir dünya şəhərsalma mədəniyyətində “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinə böyük üstünlük verilir.

Bəs “Ağıllı kənd” və “Ağıllı şəhər” nədir və bunların şəhərsalmada üstünlükləri nədən ibarətdir? – Bu gün həyatımızı müasir texnologiyalarsız təsəvvür etmək çətindir. Gün ərzində, artıq hər yerdə işimizi, güzəranımızı asanlaşdıran müxtəlif cihazlardan istifadə edirik. Lakin eyni zamanda istifadə etdiyimiz texnologiya məhsullarının bir çoxu cəmiyyətə mənfi təsir göstərir, ətraf mühitin çirklənməsinə, küçələrdə tıxacların, sıxlığın yaranmasına gətirib çıxardır, başqa arzuedilməz halları meydana gətirir. Bu baxımdan yeni texnologiyaların tətbiqi həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bunu xüsusilə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri təmin edə bilər.

“Ağıllı Şəhər” sisteminin əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Bu sistem çərçivəsində bütün obyektlərin üzərində mütamadi monitorinq aparılır və məlumatlar toplanır. Həmin məlumatlar təhlil edilir, bunun sayəsində sistem təkmilləşdirilir və daha effektiv hala gəlir.

Misal kimi şəhərin yollarındakı vəziyyətini göstərək. Fərz edək ki, həftənin iş günlərində avtomobillər səhər saat 8-dən 12-dək daha çox şəhərin mərkəzinə doğru, saat 16-dan 20-dək isə daha çox əks istiqamətdə hərəkət edir. Bu haqda məlumat alan sistemin vəzifəsi mümkün tıxacların yaranmasına imkan verməməkdir. Tıxacların qarşısını almaq üçün sistem müəyyən istiqamətlərdə işıqforların iş rejimini tənzimləyir və yollardakı sıxlığı azaldır.

Ümumiyyətlə «ağıllı» nəqliyyat sistemi «Ağıllı şəhər»in ən vacib hissələrindən biridir. Bu sistemin əsas məqsədi yol-nəqliyyat hərəkatını avtomatik rejimdə tənzimləməkdən və ona tam nəzarət etməkdən ibarətdir.

“Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının mahiyyətinə gəldikdə, o, özündə – alternativ enerjidən tutmuş tullantıların idarə olunmasınadək məsələləri ehtiva edir.

“Burada bulud texnologiyalarına əsaslanan məlumat bazaların toplanılması və onların bazalarına əsasən idarəetmə formaların tətbiqi nəzərdə tutulur. İdarəetmə formaları bir çox yönlərdən ola bilər. Qeyd olunduğu kimi, tullantıların toplanmasından tutmuş, bələdiyyə, icra orqanlarının öz işlərini davam etdirilməsinə qədər bir çox mövzulara toxunmaq olur. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri çərçivəsində yaşıl enerji zonası yaradılmalıdır. Bu, o deməkdir ki, burada elektrik enerjisinin verilməsi daha səmərəli yolla olacaq və enerji qaynaqlarında toplanacaq enerjilər, enerji kəsintisi olmadan davam etdiriləcək. “Ağıllı kənd” layihələrində tətbiq olunan nəzəri biliklərdən biri də azalma həlqəsinin qarşısını almaqdır.

Məhz bu baxımdan da Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş Zəngilan rayonunun Üçüncü Ağalı kəndində pilot olaraq “Ağıllı kənd” layihəsinin icrasına başlanılıb. Kənd layihəsi əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Erməni işğalından azad olunmuş digər ərazilərdə də “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılması məqsədəuyğun hesab olunur. Qeyd edək ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri bir çox ölkələrdə və şəhərlərdə icra olunur. Bunlara misal olaraq Sinqapur, London, Nyu-York və Amsterdam kimi şəhərləri göstərmək olar. Diqqət yetirildikdə görə biləcəyimiz nüanslardan biri odur ki, bu şəhərlər həm də turizm mərkəzlərindən biridir. Bu da o deməkdir ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri gələcəkdə Qarabağın gözəl guşələrinin dünyada daha da tanıdılmasına kömək edəcək, habelə yeni texnologiyaların tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradacaq və Qarabağ regionunun texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaqdır.

Həmçinin Qarabağ ərazisində ən maraq doğuran məqamlardan biri də texnoloji əsaslara söykənən infrastrukturun olmasıdır. Belə ki, işğaldan azad olunan ərazilərdə 3 (Füzuli, Zəngilan və Laçın) beynəlxalq hava limanının (Füzuli hava limanı 26 oktyabr 2021-ci il tarixindən artıq fəaliyyətə başlayıb) fəaliyyət göstərəcəyini və Zəngəzur dəhlizinin açılacağını nəzərə alsaq, bütün bunlar gələcəkdə texnoloji investorların maraqlarını cəlb edəcək, müəyyən startapların bura cəlb olunmasına və tətbiqinə geniş fürsət yaradacaq və bunun əsasında proseslər zəncirvari olaraq davam edəcək, habelə həm geosiyasi, həm də geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq.

Qarabağın ən mühüm infrastruktur layihələrindən biri olan Zəngəzur dəhlizinin önəmi həm iqtisadi, həm siyasi, həm də tarixi baxımdan çox vacibdir və Azərbaycanın tarixinin əvəzedilməz parçası olaraq qalır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olmaqla davam edəcək.

“Zəngəzur dəhlizi iqtisadiyyatı sıxılmış Ermənistan üçün də kifayət qədər əhəmiyyət kəsb edir. Pol Kruqmanın çox gözəl bir sözü var. O, deyirdi ki, Kanada özündən daha çox ABŞ-a yaxındır. Biz bu ifadəni Ermənistanla Azərbaycan arasında tətbiq etsək onu deyə bilərik ki, Ermənistan özündən çox Azərbaycana yaxındır. Biz bunu nəyə əsasən deyirik? Ermənistanın 1 570 kilometrlik sərhəd xəttinin 2/3 hissəsi Azərbaycanladır. Yerdə qalan sərhədin 1/3 hissəsinin böyük əksəriyyəti isə Türkiyə ilədir. Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədlərini bağlayıb, bu da 80%-dən çox Ermənistan sərhədlərinin bağlanmasına gətirib çıxarıb. 44 kilometrə bərabər olan Ermənistan-İran sərhədi isə yüklənmə düşdüyü müddətdə bir o qədər də əlverişli deyil. Ermənistanın birbaşa Gürcüstan və Rusiya ilə olan sərhədi isə mövsümi xarakter daşıdığına görə Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artır. Zəngəzur dəhlizi tək Azərbaycan, Türkiyə, İran üçün yox, həm də dalana düşmüş, iqtisadiyyatı sıxılmış Ermənistan üçün də kifayət qədər əhəmiyyət kəsb edir”.

Bütün bunların nəticəsi olaraq, Qarabağın inkişaf strategiyası çərçivəsində regiona xas turizm, aqroparklar, aqrobiznes, kənd təsərrüfatı, nəqliyyat, logistika və s. kimi layihələrin icrası Qarabağ iqtisadiyyatını ölkə iqtisadiyyatına inteqrasiya edəcək və regionda baş verə biləcək bütün dəyişikliklərə öz müsbət töhfəsini verəcək.

NURLAN ŞAKİROĞLU

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi